Bir neçə gün öncə Müsavat Partiyasının qərargahında Nida Vətəndaş Hərəkatının tədbiri keçirilib. Tədbirdə İsa Qəmbər, REAL nümayəndəsi Azər Qasımlı iştirak edib.
Maraqlıdır ki, Əli Kərimli bu toplantıya dəvət edilməyib. Milli Şura sədri Cəmil Həsənli dəvət alsa da, səhhətində yaranan "problemlər"i nəzərə alaraq gəlməyib. Daha doğrusu, toplantını boykot edib. O da nəzərdən qaçmayıb ki, tədbirdə əsas siyasi fiqur kimi İsa Qəmbər görünüb. Aydındır ki, İsa Qəmbərin oğlu da sözügedən hərəkatın üzvlərindən biridir və ən son məlumata görə hazırda Kanadadadır. İsa Qəmbər məhz oğlunun bu quruma üzv olmasından yararlanaraq sözügedən tədbirdə xüsusi aktivliyi ilə seçilib. O da bəllidir ki, Nida ötən ilə qədər aktiv müxalifət təşkilatı hesab olunurdu. Lakin bu qurumdan çoxlu sayda istefalar oldu, bəzi gənclər hərəkatı tərk etdi.
Buna baxmayaraq İsa Qəmbər mütəmadi olaraq Nidanın məhz onun yanında olduğu mesajını verir. Ona görə də sözügedən tədbirdə, əsasən, Müsavat üzvləri iştirak edib. Nida üzvlərinin sayı isə barmaqla sayılacaq qədər olub. Ancaq Milli Şura sədri Cəmil Həsənlinin dəvət olunduğu təqdirdə tədbirə gəlməməsi xüsusi maraq yaradıb. Belə görünür ki, C.Həsənli məhz AXCP sədri Əli Kərimlinin məsləhətinə uyğun olaraq tədbiri boykot edib və beləliklə də, İsa Qəmbərin müxalifət lideri olmadığı görüntüsünü yaratmağa çalışıb. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı isə bildirib ki, Nida onlara yaxın qurumdur: "Bizim onlara münasibətimiz normal və yaxşıdır. Ancaq dəqiq bilmirəm ki, Milli Şura həmin tədbirə dəvət edilib, ya yox. Əgər dəvət edilibsə, nədən iştirak olmayıb? Bu haqda informasiyam yoxdur. Ola bilsin ki, tədbirin Müsavatın qərargahında keçirilməsi səbəbindən belə olub. Amma Cəmil Həsənli Müsavata münasibətlər pisləşdikdən sonra bir neçə dəfə Müsavatda keçirilən tədbirlərə qatılıb. Yəni qərargah məsələsi problem olmamalı idi".
Rafiq Manaflı hesab edir ki, dəvət olunan yerdən heç kim qaçmır: "Əgər dəvəti göndərən qurum qəbul ediləndirsə, tədbirdə iştirak etmək məqsədəuyğundursa, onun harada keçirilməsinin xüsusi əhəmiyyəti yoxdur".
R.Manaflı müxalifətin kimliyi uğrunda mübarizə aparıldığını da etiraf edib: "Müəyyən qədər razıyam. Sonuncu parlament seçkiləri zamanı müxalifət adına iddia edən qüvvələrin mövqeyinin nə dərəcədə bir-birindən fərqli olduğu ortaya çıxdı. Ona görə də mövqenin necə olması müəyyən olunmalıdır. Müxalifətin mövqe məsələsi var və bu, dəqiq olmalıdır. Son seçkilərdə müxalifət daxilində nə qədər ittihamlar oldu, bir-birinə qarşı tənqidlər səsləndirildi. Bu dəqiqə mübarizə deyil, mövqe aydınlaşdırılması var. Hansı mövqe özünü təsdiq etmiş formada olacaqsa, yəqin ki, həmin mövqe müxalifət adına iddia edən əsas qrupa çevriləcək".
Cavidan