Səbəb sabiq müsavatçıların məhkəməni uduzmasıdır
Müsavat Partiyası ilə Azərbaycan Demokratiya və Rifah təşkilatının rəhbərliyində təmsil olunan bir qrup şəxsin arasında gedən məhkəmə prosesi başa çatıb. Proses Binəqədi rayon məhkəməsində keçirildirdi. Sabiq müsavatçıların iddiası partiyanın sonuncu qurultayı ilə bağlı idi. İddiada partiyanın sonuncu qurultayında baş verən saxtakarlıq, bir qrup şəxsin qanunsuz olaraq partiya rəhbərliyinin ələ keçirilməsi qeyd edilir və xahiş olunurdu ki, Müsavatın sonuncu qurultayı qanunsuz hesab olunsun.
Müsavatın hüquqlarını müdafiə edən vəkil Osman Kazımov deyib ki, Binəqədi Rayon Məhkəməsi iddianın əsassız olduğunu bildirərək təmin etməyib. Prosesdə çıxış edən Əlövsət Sadıxlı Müsavatın qurultayına nümayəndələrin seçilməsi mərhələsində pozuntuların olduğunu iddia edib. Məhkəmənin gedişatında o da ortaya çıxıb ki, iddiaçılardan biri olan Zakir Hüseynov “Şərq” qəzetinə müsahibə verərək, məhkəməyə iddia müddətinin 1 ay olduğunu bildirib. Amma sözügedən iddia qurultay başa çatdıqdan 1 il 2 aydan sonra verilib.
Osman Kazımov bildirib ki, hakimin əvvəlki iclaslardakı təkidlərinə baxmayaraq, iddiaçı tərəf Müsavatın 8-ci qurultayında hər hansı saxtakarlıq olması barədə sübut təqdim edə bilməyib: “Mən öz çıxışımda bu iddianın əsassız olduğunu, üstəlik şikayətin verilmə vaxtının gecikdirildiyini bildirdim. Musavatın qurultayı cəmiyyətin, jurnalistlərin gözü qarşısında keçirilib. Nə subut təqdim edə bilərdilər ki?! Onlar qurultayda Azərbaycan tarixinin ən şəffaf seçkisində uduzmuşdular, məhkəmədə də uduzdular”.
Qeyd edək ki, ADR Hərəkatının üzvü olan sabiq müsavatçılar məhkəmənin qərarından narazı qalıblar. ADR Hərəkatı sədrinin müavini Ellada Məmmədli bəyan edib ki, onlar qərarla razı deyil və apelyasiya məhkəməsinə müraciət etməyə hazırlaşırlar. Məmmədli əlavə edib ki, əslində bununla kimin real müxalifət olduğu sübut edilmiş olub.
İsmayıl Kəsəmənli isə Mustafa Hacıbəylini kəskin tənqid edib: “Davam edin, “bəy” lər. Siz davam etdikcə daha cazibədar görsənirsiniz! Sosial gərginliyin artdığı bir məqamda bazar müxalifətinin fəallaşması başadüşüləndir. Bu vaxta kimi arvad profilləri ilə social şəbəkələrdə real müxalifətin əleyhinə qara piar aparan Mustafa Hacıbəyli indi də məhbusların şəkilləri qoyulan saxta profillərlə özünün və mənsub olduğu düşərgənin çirkin siyasi layihələrini həyata keçirməkdədir. Xatırladım ki onun Azad Tür adlı saxta profilindən sonra (profilə məhbus Sirac Kərimlinin şəkilini qoyub) yeni bir saxta profili peyda olub. Bu profilin adı məhbus Fuad Qəhrəmanlının şəkili yerləşdirilmiş Roman Şınıxlıdı. O bundan əvvəl də Aytən Hüseynzadə, Ben Türk, Biz Türk, Dərin Türk, Murad Göyçəli, Nəsrulla İsrafil, Vüqar Əhmədli, İlqar Mahmud və digər saxta profillərlə mütərəqqi qüvvələrə qarşı söyüş təhqir böhtan kompaniyasını həyata keçirib. İndi isə məhbusların şəkillərinin arxasında öz çirkin əməllərini davam etdirir. Necə ki onun qardaşı Arif Hacılı məhbəsdə olan müsavatçıları özünə müavin təyin etməklə özü üçün siyasi arenada dividendlər. qazanır elə də Mustafa onun yolu ilə gedir”.
Cavidan