11 İyun 2014 16:39
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 10-da İsrail Knesseti (parlament) keçirilən prezident seçkisinin ikinci turunda baş nazir Binyamin Netenyahunun rəhbərlik etdiyi hakim “Likud” Partiyasının təmsilçisi, parlamentin sabiq sədri Reuven Rivlin dövlət başçısı seçilib. Rivlin bu postda 7 illik səlahiyyətlərini başa vurmuş Nobel mükafatçısı Şimon Presi əvəzləyib.

Qeyd edək ki, 6 nəfərin yaşadığı ilk turda üstün olan deputat R.Rivlin və “Xa-Tnua” sol mərkəz hərəkatından deputat Meir Şitrit seçkinin ikinci turuna adlamışdı. R.Rivlin ilk turda 119 deputatdan 44-nün, M.Şitrit isə 31-nin dəstəyini almışdı. İkinci turda isə R.Rivlini 119 deputatdan 63-ü dəstəkləyib. 74 yaşlı R.Rivlin İsrailin 10-cu prezidentidir.

Teleqraf.com xəbər verir ki, İsrailin yeni prezidenti barədə diqqətçəkən ən əsas məqam onun qatı anti-türk bir şəxs olmasındadır. Cəmi bir ay öncə – mayın ilk ongünlüyündə Knessetdə qondarma erməni soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi plenar sessiyada deputat R.Rivlinin səsləndirdiyi fikirləri qeyd etmək, zənnimizcə yerinə düşər: “Osmanlı imperiyasında ermənilərin öldürülməsindən sonra növbə yəhudilərə çatmalıymış. Buna görə də erməni soyqırımının tanınması biz yəhudilər üçün mənəvi borc məsələsidir. Bizim faciəmizə başqa xalqların etinasız qalmasını bağışlamaq mənim üçün çətindir. Biz də başqa xalqların faciəsinə biganə qala bilmərik”.

Onu da bildirək ki, may ayında Knessetdə keçirilən müzakirələr çoxsaylı ermənipərəst çıxışlara rəğmən nəticəsiz başa çatmışdı. Belə ki, müzakirələr başa çatdıqdan sonra “soyqırımı”nın tanınmasını nəzərdə tutan layihə Knessetin təhsil komitəsinə deyil, xarici əlaqələr və müdafiə komitəsinə göndərilmişdi.

Təşəbbüsün müəllifi, “Merets” Partiyasının lideri, xanım Zahav Qalon xarici işlər naziri Aviqdor Libermanı layihəni təhsil komitəsinə göndərməkdə ittiham etmişdi. O demişdi ki, burada məqsəd məsələni həmin komitədə “dəfn etmək”dir. Bu baxımdan qondarma erməni soyqırımını hələlik rəsmən tanımayan İsrail Dövlətinin R.Rivlinin prezidentliyi dövründə bu istiqamətdə hansı siyasət yürüdəcəyi böyük maraq doğurur.

Səxavət HƏMİD


Müəllif: