22 Fevral 2016 22:33
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əslində bu razılaşma onu göstərir ki, ABŞ və Rusiya böyük koalisiyaya ehtiyac olmadan da Suriyada müvəqqəti sülhü yaxınlaşdıra bilərlər".

Teleqraf.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu Rusiya ilə ABŞ arasında Suriya ilə bağlı razılaşmaya münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri dünən gün ərzində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla düz 3 dəfə telefonla danışıb: "Nəticə olaraq DAİŞ və Əs-Nüsra terrorçu təşkilatlarına qarşı zərbələr istisna olmaqla Suriyada atəşkəsə riayət olunacağına dair razılaşma əldə edilib. Əslində bu razılaşma onu göstərir ki, ABŞ və Rusiya böyük koalisiyaya ehtiyac olmadan da Suriyada müvəqqəti sülhü yaxınlaşdıra bilərlər. Rusiyanın Əsədə, ABŞ-ın isə müxalifəti silahlandıran ərəb ölkələrinə təsir imkanları var. Elə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ABŞ-Rusiya razılaşmasından dərhal sonra açıqlama verərək, Türkiyənin təkbaşına Suriyaya hərbi müdaxiləyə başlamayacağını və orada bufer zonası yaratmayacağını bildirib. Doğru qərardır. İlk gündən deyirəm ki, PKK və onun törəmələri, o cümlədən Əsəd Türkiyəni Suriyaya hərbi müdaxiləyə sövq etməklə Rusiya ilə toqquşdurmaq istəyirlər".

E.Şahinoğlu hesab edir ki, Suriyada sülhə hələ çox var: "Ancaq son danışıqlar göstərdi ki, böyük dövlətlərin hər biri ən kritik məqamda geri addım atmağı bacarırlar. Ancaq deyəsən bu gedişatı Əsəd pozmağa çalışır. Əsəd bilir ki, bütün hallarda yekun nəticə onun xeyrinə olmayacaq, ona görə də hamını bir-biri ilə toqquşdurmaq istəyir. Əsəd Rusiya bombardmanlarından həvəslənərək ordusunun hucüm planlarından imtina etməyəcəyini deyib. Bununla Əsəd Kremli də qıcıqlandırmağa başlayıb. Təsadufi deyil ki, Rusiya diplomatiyasının ən odioz fiquru, BMT-dəki nümayəndəsi Vitaliy Çurkin son müsahibəsində deyib ki, Əsəd Moskvanın xoş niyyətindən çox da başını itirməsin. Başqa sözlə Kreml Əsədə mesaj göndərir ki, onun qələbəsi uğrunda əbədiyyətə qədər Suriyada savaşı və qalası deyil. Çünki Kreml də anlayır ki, Suriyada Əsədin tam qələbəsi mümkün deyil, buna nə daxildəki vəziyyət, nə də ki, xarici dövlətlər imkan verəcək. Odur ki, Kreml Qərb və ərəb dünyasından mümkün güzəştlər qoparmaq istəyir".

Ayxan


Müəllif:

Oxşar xəbərlər