Prezident İlham Əliyevə məxsus “twitter” hesabından (@azpresident) Azərbaycan-İran münasibətlərinə dair qısa mesajlar paylaşılıb.
Musavat.com-un məlumatına görə, dövlət başçısı qeyd edib ki, müstəqillik dövründə Azərbaycanla İran arasında bütün istiqamətlərdə ikitərəfli əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edib.
Prezident İlham Əliyev yazıb: “Beynəlxalq terrorizmin coğrafiyasının genişlənməsi bütün dünya dövlətlərini ciddi narahat edir və etməlidir”.
Ölkə başçısı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən də bəhs edib: “Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən, bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkib”.
Prezident İ.Əliyev bildirib ki, işğalçılıq, dini və milli ayrı-seçkilik, terror Ermənistanın dövlət siyasətidir və həmin siyasət bu gün də davam etdirilir.
Dövlət başçısı qeyd edib: “Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilməsi beynəlxalq hüquqa açıq hörmətsizlikdir”.
Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normaları mövcuddur, ölkədəki tolerantlıq mühitinin bütün dünyada nümunə kimi qəbul olunduğunu bildirən İ.Əliyev, İslamofobiyanın dünyada genişləndiyi müasir dövrdə Azərbaycanın İslam ölkələri arasında həmrəyliyin, birliyin güclənməsinə öz töhfəsini verdiyini də sözlərinə əlavə edib.