23 Fevral 2016 12:28
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elşən Mustafayev: “AMİP təkliflərini mütəmadi olaraq mətbuatda yayımlayıb”

Dünyada baş verən iqtisadi böhran fonunda Azərbaycan manatı devalvasiyaya uğrayıb və nəticədə ölkədə yeni situasiya yaranıb. Azərbaycan hökuməti yeni mərhələ üçün iqtisadi proqram hazırlayıb və islahatlara başlandığını bəyan edib. Hakim Yeni Azərbaycan Partiyası elan edib ki, iqtidar müxalifətin iqtisadi təkliflərinin də müzakirəsinə açıqdır.

Müxalif partiyalar isə təkliflərini əsasən media vasitəsilə yayır və ayrı-ayrı tədbirlərdə təkliflərini irəli sürürlər. Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, təkliflərin mətbuat vasitəsilə verilməsi şou xarakteri daşıyır və real təklif təşəbbüsündə olanlar təklifləri hökumətə versə daha yaxşı olar: “Müxalifət tərəfindən ara-sıra anti-böhran adı altında təkliflərin irəli sürdüyünə dair məlumatı mətbuatdan alırıq. Çox qəribədir ki, indiyə qədər bu təkliflərin hər hansı biri nə hakimiyyətə, nə hökumətə, nə Prezident Administrasiyasına, nə Milli Məclisə, nə də Yeni Azərbaycan Partiyasına göndərilir. Belə təəssürat yaranır ki, müxalifət, sadəcə olaraq, bu məsələdə şou yaratmaqda maraqlıdır. Bu gün ölkədə bir anti-böhran proqramı var, o da hakimiyyətin proqramıdır. O proqram işləyir, real nəticələri göz önündədir”.

İndiyədək yalnız Müsavat Partiya başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatının hökumətə təkliflər paketi göndərib. Cəmi 2 həftə sonra həmin təklifə müsbət reaksiya verilib. Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov tərəfindən ADR Hərəkatına məktub göndərilib. Cavab məktubunda qeyd olunub ki, ADR-in göndərdiyi layihədə məqsəduyğun hesab edilən təkliflər dövlətin və cəmiyyətin marağı nəzərə alınmaqa aparılan iqtisadi islahatların gedişi prosesində nəzərə alınacaq.

Bəs digər müxalifət partiyalarından hansılar hökumətə iqtisadi təkliflər təqdim edib?

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib ki, onlar hökumətə iqtisadi proqram paketi verməyiblər: “Prezident İlham Əliyevin iqtisadi islahatlarla əlaqədar irəli sürdüyü proqramla tanışam və çox bəyənirəm. Bu proqramın həyata keçirilməsi üçün lazım olan qanunların qəbul olunmasında iştirak edirəm”.

Onun sözlərinə görə, ölkə Prezidentinin verdiyi təkliflər ASDP-nin proqramı ilə üst-üstə düşür: “İllərdir deyirik ki, Azərbaycan iqtisadiyyatının lokomotivi neft sənayesi deyil, kənd təsərrüfatı, turizm və elektron sənaye olmalıdır. Buna görə indiki islahatlar bizi qane edir. Bəlkə də, ölkəmizin bəxti gətirib ki, Azərbaycandan asılı olmayaraq iqtisadi böhran bütün dünyada başlayıb. Neftin qiyməti də düşüb. Artıq başa düşmüşük ki, ancaq neftə bel bağlamaq olmaz, işləməyə başlamışıq”.

A.Əlizadə müxalifətin media vasitəsilə təqdim etdiyi təkliflərdən də danışıb: “Özünü müxalifət adlandıranlar təbliğat və gündəmdə qalmaq naminə proqram hazırladıqlarını deyirlər. Mən bizim sağ müxalifətdə layihə hazırlamaq potensialı görmürəm. Bu insanlar artıq bir dəfə hakimiyyətdə olublar və hakimiyyətdən gedəndən 1 ildən sonra büdcədə 1 manat belə pul qalmamışdı. Belə ağıllı idilərsə, o zaman islahat keçirəydilər. Müsavata, AXCP-yə deyəndə ki, proqramını ortaya qoy, deyirlər, yox, kimsə bizdən götürər. Elə proqramı ona görə ortaya qoyurlar ki, götürüb həyata keçirsinlər. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə can atanda deyirdim ki, deyin görək hakimiyyətə hansı proqramla gedirdiniz, qayıtdılar ki, gələrik görərsiniz. Gəldilər, gördük, ölkəni bərbad vəziyyətə qoydular. Xatırlayıram, Türkiyədə seçkilər zamanı Turqut Ozalın reytinqi Dəmirəldən də, İnönüdən də aşağı idi. Teledebat olanda dedi ki, gəlin iqtisadi proqramımızı ortaya qoyaq. Dəmirəl də, İnönü də dedi ki, proqramımızı açıqlasaq, başqaları bundan istifadə edər. Ozal da qayıtdı ki, onda dinləyin mən öz iqtisadi proqramımızdan danışım. O iqtisadi proqramını xalqa izah edəndən sonra seçkilərdə qalib gəldi”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Elşən Mustafayevin fikrincə, müxalifətdə olan siyasi partiyanın vəzifəsi həm də ondan ibarətdir ki, baş verən proseslərə anında qiymət versin və təkliflərini səsləndirsin: “Söhbət iqtidarla hər hansı iş birliyindən deyil, ölkə həyatında yaranmış və yarana biləcək problemlərlə bağlı öncədən xəbərdarlıq etməkdən gedir. Hazırda AMİP daxilində ölkədə yaranmış situasiya ilə əlaqədar işçi qrupun yaradılması prosesi yekunlaşmaq üzrədir. Bu qrupa həm partiya üzvü olan mütəxəsislərimiz, həm də partiya üzvü olmayan, ancaq işgüzar münasibətlərimiz olan mütəxəssislər daxildir. Onların hazırlayacağı sənədləri ictimaiyyətə açıqlayacağıq. Bunun iqtidarla müzakirəsinə də hazırıq”.

E.Mustafayev hesab edir ki, siyasi partiyaların verdikləri təkliflərin mətbuat vasitəsilə yayımlanması da kifayət edir ki, ona reaksiya verilsin: “AMİP belə təklifləri istər devalvasiyadan əvvəl, istərsə də devalvasiyadan sonra mütəmadi olaraq mətbuatda yayımlayıb. Həmin təkliflər AMİP-də olan mütəxəssislər və iqtisadçılar tərəfindən hazırlanır, Siyasi Şurasının təsdiqi ilə press-reliz şəklində ölkə mətbuatında yayımlanır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər