24 Fevral 2016 17:09
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP-nin Əli Kərimli və Razi Nurullayev qanadı arasındakı məhkəmə prosesi davam edir. Dünən Əli Kərimli tərəfdarları bununla bağlı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, məhkəmənin hazırlıq iclası xeyli vaxtdır uzanır. Buna səbəb isə Ədliyyə Nazirliyinin nümayəndəsinin məhkəməyə gəlməməsidir. Fevralın 23-də 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilməli idi. Lakin tərəflərdən birinin prosesə gəlməməsi son anda hazırlıq iclasının təxirə salınması ilə nəticələnib. Hakim növbəti prosesi martın 30-nə qədər təxirə salıb.

Əli Kərimli cəbhəsinin məlumatından aydın olub ki, onlar prosesi udmaq üçün vəkil axtarışında olub. İndiyə qədər onların mövqeyini vəkil Fəxrəddin Mehdiyev, Ruslan Əliyev və Səməd Rəhimli müdafiə edib. İndi bu prosesə daha bir neçə vəkil qoşulacaq. Bu vəkillər Xaliq Bağırov, Vidadi Mirkamal, Qurban Məmmədov, Namizəd Səfərov və Yalçın İmanovdur. Onlar etibarnaməni fevralın 23-də hakimə təqdim ediblər.

AXCP-nin Razi Nurullayev qanadı isə son günlər məhkəmə prosesi haqqında məlumat vermir. Bu barədə qəzetimizə danışan Razi Nurullayev bəzi fikirlərini açıqlayıb. Deyib ki, onların da məhkəmə prosesi davam edir: “Bizim də sonuncu məhkəmə prosesimiz dünən olub. Hazırda apelyasiya mərhələsindəyik. Məhkəmə bizdən müəyyən sənədlər istəyir. Söhbət qurultayın sənədlərindən, eləcə də qanun pozuntuları barədə, üzvlər haqqında, bizim özümüzün işləri ilə əlaqəli sənədlərdən gedir. Bu sənədlər məhkəməyə təqdim edilir və sonda hakimlər bir qərara varacaq”.

R.Nurullayev qeyd edib ki, qarşı tərəfin başlatdığı məhkəmə prosesinin onlara aidiyyəti yoxdur: “Biz hazırda apelyasiya məhkəməsi mərhələsindəyik. Əvvəlcə İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdik. Bu instansiya bizə məsləhət gördü ki, apelyasiya məhkəməsinə müraciət edək. Biz də bu prosesə qoşulduq və sona qədər davam edəcəyik. Qarşı tərəfin məhkəməyə müraciət etməsi əsla bizi narahat etmir. Mən deyə bilmərəm ki, sonda hər iki tərəfin iddiası bir işdə birləşdiriləcək və ya birləşdirilməyəcək”.

Razi Nurullayev vəkillərdən Qurban Məmmədovun, Xaliq Bağırovun, Vidadi Mirkamalın və Namizəd Səfərovun Əli Kərimlinin hüquqlarını müdafiə etməsinə də münasibət açıqlayıb: “Bizim müdafiə olunmaq, ortaya faktlar çıxarmaq üçün ciddi əsaslarımız mövcuddur. Biz bu işə inanmışıq. Odur ki, qarşı tərəfin hüquqlarını kimlərin qoruması bizim üçün əhəmiyyətli deyil. İstəyir onların yüz vəkili olsun. Bu bizi əsla qayğılandırmır. Bu işə başlamışıq və sona qədər gedəcəyik. Növbəti məhkəmə prosesində də lazım olan sənədləri hakimə təqdim ediləcək. Bizim də hüquqlarımızı qoruyan vəkillərimiz var. Hesab edirəm ki, indilikdə məhkəmə prosesinin getməsinin partiyanın fəaliyyətinə hər hansı neqativ təsiri yoxdur. Məhkəmə öz işi ilə, biz də öz işimizlə məşğuluq. Bu yolu da sona qədər gedəcəyik”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər