25 Fevral 2016 10:39
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

“24 il öncə Ermənistan hərbi birləşmələri, erməni vandalları tərəfindən Xocalıda həyata keçirilən qanlı qətliam, soyqırımı hadisəsi təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət hadisəsidir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Kəmaləddin Qafarov bildirib. Millət vəkili deyib ki, Xocalı qətliamı 20-ci əsrin ikinci yarısında törədilmiş ən dəhşətli soyqırımı, vandalizm aktıdır. Ancaq millət vəkili təəssüf hissi ilə qeyd edib ki, üstündən 24 il keçməsinə baxmayaraq, daim insan hüquqlarından dəm vuran beynəlxalq qurumlar, onlara himayədarlıq edən dövlətlər hələ də 20-ci əsrin ən böyük və ən dəhşətli qətliamına, vandalizm hadisəsinə obyektiv hüquqi-siyasi qiymət verməyib, onu soyqırımı aktı kimi tanımayıblar: “Bunun özü bir daha həmin beynəlxalq qurumların, onlara himayədarlıq edən dövlətlərin nə qədər qeyri-obyektiv və qeyri-səmimi olduqlarını əyani şəkildə ortaya qoyur. İnsan hüquq və azadlıqlarının təmin edilməsi tələbləri həmin dairələr və qüvvələr üçün sadəcə, müstəqil siyasət yeridən ölkələrə təsir və təzyiq vasitəsindən başqa bir şey deyil. Çünki əslində onları insan hüquq və azadlıqlarının təmin edilməsi deyil, öz şəxsi və dar maraqları düşündürür. Belə olmasaydı, onlar ötən dövr ərzində Xocalı qətliamına obyektiv hüquqi-siyasət qiymət verər, Xocalı faciəsini soyqırımı aktı kimi tanıyar və Ermənistan prezidenti Serj Sərkisyan başda olmaqla bu qanlı qətliamda əli olan bütün günahkarları Beynəlxalq Tribunalda öz cinayətkar əməllərinə görə cavab verməyə məcbur edər və buna nail olardılar”.

Millət vəkili deyib ki, Xocalı soyqırımında əli olan bütün şəxslər əvvəl-axır öz cinayətkar əməllərinə görə cavab verməli və gec də olsa, öz layiqli cəzalarını almalıdırlar: “Ötən illər ərzində Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılması, qətliamın soyqırımı aktı kimi tanınması istiqamətində də böyük işlər görürlüb. Azərbaycan dövlətinin, xüsusilə, ölkə prezidenti İlham Əliyevin ardıcıl, düşünülmüş fəaliyyəti, beynəlxalq aləmdə apardığı işlər nəticəsində artıq dünyanın bir neçə ölkəsi qanunverici orqanlar səviyyəsində Xocalı qətliamını soyqırımı aktı kimi tanıyıblar. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması ilə bağlı qətnamə qəbul edib. Onu da qeyd edim ki, Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında heç şübhəsiz Heydər Əliyev Fondunun və Fondun birinci vitse-prezidenti Leyla Əliyevanın da xidmətləri misilsizdir. Artıq neçə illərdir ki, Leyla xanımın birbaşa təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası həyata keçirilir. Ona görə hesab edirəm və inanıram ki, məhz bu fəaliyyətlərin nəticəsində bir gün dünya Xocalı qətlamını soyqırımı aktı kimi tanıyacaq və bu qətliamda əli olanlar öz layiqli cəzalarını alacaqlar”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər