Sərdar Cəlaloğlu: “Onlarla getməyə məhkum deyiləm”
Dünən müxalifət partiyaları Xocalı soyqırımının 24 illiyi münasibəti ilə “Ana fəryadı” abidəsini ziyarət edib. Lakin həmişəki kimi bu partiyalar ziyarəti birlikdə gerçəkləşdirə bilməyib.
Belə ki, “Böhran koalisiyası”na daxil olan səkkiz partiya, eləcə də bir neçə ictimai qurum və hərəkat ayrıca olaraq ziyarətə gəlib. Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Milli Şura da abidə kompleksini ayrıca ziyarət edib. Müsavat Partiyası, Strateji Düşüncə Mərkəzi, Əhrar Partiyası isə birlikdə hərəkət edib. Digər siyasi partiyalar da ayrı-ayrılıqda bu prosesi həyata keçirib.
Artıq neçə illərdir müxalifətdə bu dağınıqlıq müşahidə edilir. Eks-prezident Əbülfəz Elçibəyin vəfatı günündə, M.Rəsulzadənin doğum günündə, 20 yanvar faciəsinin ildönümü ərəfəsində müxalifət partiyalarının bu tipli addımları müşahidə olunur. Yalnız 2012-ci ildə nisbətən bu təşkilatlar birlikdə Novxanıda ziyarət təşkil edə bilib.
Müxalifətin ölkənin faciəvi və ya əlamətdar günündə belə davranış ortaya qoyması suallar yaradır.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu davranışı normal hesab edir. Onun fikrincə, 10-15 il öncə müxalifətdə olan əksər siyasi partiyalar bir blokda təmsil olunurdu, ona görə də ziyarət birlikdə həyata keçirilirdi: “İndi durum bir qədər fərqlidir. Müxalifət düşərgəsində müxtəlif birliklər və ya koalisiyalar mövcuddur. Odur ki, artıq hər kəsin birgə hərəkət etməsinə ehtiyac yoxdur. Biz “Böhran koalisiyası”nda təmsil olunuruq. Koalisiya qərar verib ki, ziyarət birlikdə gerçəkləşdirilsin. Biz müttəfiq olmadığımız təşkilatlarla birlikdə addımlamağı doğru hesab etmirik. Bu, mümkün də deyil. Əgər fərqli bloklar və yanaşmalar varsa, hər kəs öz ətrafı ilə birlikdə ziyarət etməlidir. Odur ki, indilikdə bütün müxalif partiyaların birgə addımlamamasını normal və təbii qəbul etmək lazımdır. 10 il əvvəl əgər kimləsə birlikdə ziyarətə gəlmişəmsə, bundan 10 il sonra da onunla bura gəlməyə məhkum deyiləm. Bir yerdə olmayanlar əlamətdar günləri birlikdə qeyd edə, xatırlaya bilməzlər”.
ADP sədri hesab edir ki, müxalifətin belə günlərdə həmrəylik nümayiş etdirməməsində şəxsi münasibətlər rol oynamamalıdır: “Hesab edirəm ki, burada şəxsi münasibətlər ikinci sıraya keçir. Siyasətçi nə qədər gerizəkalı olmalıdır ki, bu cür düşünsün. Söhbət ondan gedir ki, Xocalı faciəsi soyqırımıdır. Hər bir insanın buna münasibəti bəllidir. Biz bəyan edirik ki, xalqımıza qarşı bu tarixdə soyqırımı aktı həyata keçirilib. Hər bir partiyada bu gün çoxlu sayda tərəfdarını ziyarətə gətirməlidir. Bir var bu gün abidə önünə 10 min adam gəlsin, bir də var 100 min insan. Az sayda insanın qatılması bizim düşmənlərimizin əlinə arqumentlər verə bilər. Odur ki, hər bir partiya bu tədbirdə fəal olmalıdır. Vacib deyil ki, onlar birlikdə bunu etsinlər”.
Cavidan