1 Mart 2016 12:03
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntu qəbul edib.

Teleqraf.com Milli Məclisə istinadən bildirir ki, qonağı Milli Məclisdə yenidən görməkdən məmnunluğunu ifadə edən spiker bildirib ki, Milli Məclis AŞPA ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində maraqlıdır. Qeyd olunub ki, bu səfər və Bakıda keçirilən görüşlər ölkəmizlə AŞPA arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir. Sədr ümidvar olduğunu bildirdi ki, Pedro Aqramuntun prezidentliyi dövründə münasibətlərimizdə yeni mərhələ başlayacaq.

“Sizin prinsipiallığınız və hadisələrə münasibətiniz geniş ictimaiyyətə yaxşı məlumdur”, – deyən sədr belə bir fikri vurğulayıb ki, AŞPA ilə Milli Məclis arasında əməkdaşlıq mütləq şəkildə qarşılıqlı hörmətə söykənməli və hər iki tərəfin maraqlarına cavab verməlidir.

Spiker vurğulayıb ki, son dövrdə Avropa qurumları ilə Azərbaycan arasındakı münasibətlərdəki həssas məqamlar və təşkilatda qəbul edilmiş sənədlər barədə fikir mübadiləsi aparmaq faydalı olardı.

Spiker Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Minsk qrupunun fəaliyyətindən söz açaraq, bu günədək bu qrupun real irəliləyişə nail olmadığını təəssüflə qeyd etdi. Bildirildi ki, bu məsələ haqlı olaraq Azərbaycan ictimaiyyətini çox narahat edir. Biz inanırıq ki, beynəlxalq birlik, o cümlədən AŞPA bu məsələyə daha həssas yanaşacaq.


Səmimi qəbul üçün minnətdarlığını bildirən AŞPA-nın prezidenti Pedro Aqramunt ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. O, ümidvar olduğunu bildirdi ki, AŞPA-da təmsil olunan yeni seçilmiş V çağırış Milli Məclisin deputatları daha fəal olacaq, müzakirə olunan məsələlərə öz mövqelərini bildirəcəklər.

Qonaq təmsil etdiyi təşkilatın Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələri inkişaf etdirmək niyyətində olduğunu söylədi. Qeyd edildi ki, münasibətlərdəki bəzi anlaşılmazlıqları aradan qaldırmaq üçün dialoq və qarşılıqlı fikir mübadiləsi əhəmiyyətli olardı.

Söhbətdə Milli Məclisin Sədri bildirdi ki, 2016-cı ilin yanvar sessiyasında təşkilatda Dağlıq Qarabağla bağlı iki sənəd müzakirə olunub. Onlardan biri - “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” ilə bağlı sənədin cüzi fərqlə səsvermə zamanı qəbul olunmaması təəssüf doğurur. Ancaq ermənilər bununla arxayınlaşmasınlar. Vaxtilə 2005-ci ildə bu məsələ ilə əlaqədar təşkilatda daha geniş sənəd qəbul olunmuşdur. Gələcəkdə də azərbaycanlı deputatlar bu məsələni daim diqqətdə saxlayacaq və yeni sənədləri müzakirəyə təqdim edəcəklər. Bu tipli məsələlərin müzakirəsində təşkilatdakı bir sıra deputatların ATƏT-in Minsk qrupu tərəfindən verilən bəyanatların təsiri altına düşmələri bizim üçün anlaşılan deyil. Ümid edirik ki, gələcəkdə belə hallar olmayacaqdır.

Qəbulda qeyd edildi ki, bu ilin sentyabrında quruma üzv dövlətlərin spikerlərinin Strasburq görüşü keçiriləcək. Bu mötəbər tədbirə Milli Məclisin sədri də dəvət olunub.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı, qonağı maraqlandıran suallara ətraflı cavablar verildi.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, AŞPA-da nümayəndə heyətimizin rəhbəri, deputat Səməd Seyidov, Avropa Şurası yanında daimi nümayəndəmiz, səfir Emin Eyyubov, Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç və digər rəsmi şəxslər iştirak edib.

Nemət


Müəllif:

Oxşar xəbərlər