12 İyun 2014 14:00
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mühafizəkar “ECR” (Avropa Mühafizəkarları və İslahatçıları) qrupu Avropa Parlamenti prezidentliyinə Səyyad Heydər Kərimin namizədliyini irəli sürüb. Səyyad Kərim 2005-ci ildə Britaniyanın ilk müsəlman parlamentarisi olub. Buna baxmayaraq, onun seçilmə şansı çox azdır.

Teleqraf.com xəbər verir ki, Səyyad Kərim dəstək üçün Avropa Parlamentindəki bütün əsas qruplara müraicət edib. O bildirib ki, son Avropa seçkilərində ekstremist partiyaların yüksəlişi Aİ haqqında təsəvvürləri korlayıb.

“Sualım qrup liderlərinədir: tolerantlıq, anlaşma və müxtəliflik dəyərlərinin yenidən qurulması vaxtı çatmayıbmı?”, – deyə Pakistan əsilli, Blekberndə, Lankaşirdə anadan olmuş Kərim müraciətində yazır. Səyyad Kərim ictimai məmur kimi 20 illik təcrübəsinə və Avropa Parlamentindəki 10 illik xidmətinə güvəndiyini bildirib.

“Mən qruplar və siyasi birliklərlə həmişə anlaşma şəraitində səylə çalışmışam”, - o yazıb. Xatırladaq ki, Səyyad Kərim 2004-cü ildə Liberal Demokratların namizədi kimi seçilib, 2007-ci ilin noyabr ayında Mühafizəkar Partiyaya qoşulub.

Kərim Aİ və dünya arasında beynəlxalq ticarətin inkişafı və asanlaşdırılması uğrunda çalışıb. O, Avropa Parlamentində Aİ-Hindistan Azad Ticarət Sazişinin inkişafında əsas rol oynayıb. O, insan haqları məsələlərində də fəal iştirak edib. Həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) dustaqları başqa yerlərə köçürməsi və məxfi həbsxanaları ilə bağlı məsələ qaldırıb.

Buna baxmayaraq, “ECR” qrupunun təklif etdiyi namizədin seçilmə şansı çox azdır. Son illərdə Avropa Parlamenti prezidentinin seçilməsində mərkəz-sağ Avropa Xalq Partiyası və mərkəz-sol Sosialistlər və Demokratlar Partiyası xüsusi rol oynayıb. Adətən onların namizədlərindən biri seçilib. İrlandiya liberalı Pet Koks 2002-2004-cü ildən parlamentə rəhbərlik edib.

Qeyd edək ki, hazırkı parlamentin prezidenti Martin Şultsun mandatı gələn ay sona çatır. 1-3 iyul və 14-17 iyuldakı növbəti parlament sessiyalarında Avropa Parlamentinin yeni prezidenti və başqa liderlər seçiləcək.

Səxavət


Müəllif: