1 Mart 2016 18:40
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP-nin Razi Nurullayev qanadının funksioneri Rafiq Daşdəmirli təmsil olunduğu qurumda təşkilatlanma işinin sürətlə aparıldığını elan edib. Onun sözlərinə görə, indiyə qədər bir sıra rayon təşkilatları yaradılıb.

R.Daşdəmirli qeyd edib ki, əsas məqsədləri rayon təşkilatlarının fəaliyyətinin artırılması, aktivliyin nümayiş etdirilməsidir: “Buna nail olmaq üçün müəyyən addımlarımız və qərarlarımız olur. Çoxlu sayda insan sıralarımıza qoşulur. Gələnlər kifayət qədərdir. Hər ay rayon şöbələrimizə azı 10 nəfər üzv qəbul edirik. Bu mənada təşkilatlanma istiqamətində fəaliyyətimizi normal hesab edirik”.

R.Daşdəmirli bildirib ki, təmsil etdiyi partiyanın ictimai rəydə imici və nüfuzundan narazı deyillər. Onun sözlərinə görə, son dövrlər qlobal maliyyə böhranı, onun dünya ölkələrinə, o cümlədən Azərbaycana təsirini müzakirə ediblər və hökumətə bir neçə istiqamətdə təkliflər paketi göndəriblər: “Böhranla əlaqədar hökumətə dörd paket təqdim etmişik və buna reaksiya da olub. Fəaliyyətimiz bir neçə istiqamətdə paralel gedir. Hazırda çalışırıq ki, Səfəvilər dövrünü ictimai diqqətə gətirək, Səfəvilərlə əlaqədar film çəkilişinə nail olaq. Bu, tariximiz, insanların məlumatlandırılması baxımından əhəmiyyət kəsb edə bilər. Bundan əlavə, bizim İctimai Fikir Akademiyamız var və burada hər həftənin şənbə günü müxtəlif mövzularda dinləmələr təşkil edirik. Bir sözlə, partiyanın fəaliyyətinin güclənməsi üçün əlimizdən gələni edirik”.

Digər siyasi partiyalarla əməkdaşlıq məsələsinə toxunan AXCP funksioneri qeyd edib ki, hazırda onların qeydiyyat problemi var: “Bununla bağlı müvafiq məhkəməyə müraciət etmişik. Hazırda məhkəmə prosesləri keçirilir. Bu problemə görə, digər siyasi qüvvələrlə əlaqələr və kontaktlar yaratmağa çalışmırıq. Müxalifətin “Böhran koalisiyası”nın tədbirinə qatılmışıq. Sonrakı iclasda yeni formatda İşçi Qrupu yaradıldı və biz də məsləhət görmədik ki, bu prosesdə iştirak edək”.

Əli Kərimlinin sədri olduğu tərəf haqqında danışan R.Daşdəmirli deyib ki, şəxsən onunla heç kimin münasibəti pis deyil: “Əvvəl münasibət necədirsə, indi də elədir. Bu siyasi mübarizədir və biz mübarizə aparırıq. Bunun şəxsi münasibətlərə təsiri olmamalıdır. Əlbəttə, qeydiyyat məsələsindən sonra hər şeyə aydınlıq gələcək. Münasibətlər pis deyil. Yalnız üç-dörd nəfər var ki, sosial şəbəkələrdə mənə qarşı təhqiri davam etdirir. Biz də çalışırıq ki, onlara cavab verməyək. Bu siyasi mübarizədir və məncə təhqirə təhqirlə cavab vermək bizə yaraşmaz. Əvvəlki dövrlə müqayisədə indi o qədər təhqir müşahidə olunmur. Amma bəzən saxta profillərlə təhqirləri davam etdirirlər. Biz də bütün strukturlara demişik ki, belə hallarda səbirli olsunlar və təhqirə reaksiya göstərməsinlər. O tərəfdən bura gələnlər var. Bizdən isə o yana gedən yoxdur”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər