2 Mart 2016 15:33
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında Suriyada atəşkəsi nəzərdə tutan qətnamə qəbul olunsa da, ölkənin bəzi əyalətlərində güllə səsləri hələ də eşidilməkdədir. Fevralın 27-dən qüvvəyə minən atəşkəs haqqında qətnamədə Suriyaya göndərilən humanitar yardımın təcili olaraq ehtiyac içində olan xalqa çatdırılması, ölkədə siyasi keçid prosesinin başladılması və Suriyanın müqəddəratına xalqın qərar verməsi tələb olunub. ABŞ və Rusiyanın Suriya ilə bağlı yaydığı birgə bəyanatda qeyd olunub ki, bu atəşkəs BMT tərəfindən terrorçu elan edilmiş İŞİD və “Cəbhət-ən-Nusra” qruplaşmasına aid edilmir. Əsəd ordusu ilə savaşan 97 müxalif qruplaşma silahı yerə qoyub və iki həftəlik atəşkəs sazişini dəstəklədiklərini bəyan ediblər.

Siyasi ekspert Azər Rəşidoğlu Suriya ətrafında cərəyan edən proseslərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Azər bəy, Suriya ilə bağlı əldə olunan atəşkəs sazişinin uzunömürlü olacağını söyləmək mümkündürmü?
- Atəşkəs sazişində əsas qruplar iştirak etməyiblər. İŞİD və “Cəbhət-ən-Nusra” qruplaşmaları sazişdən kənarda qalıb və bu gün də onlar Əsəd ordusu ilə vuruşurlar. Digər tərəflər arasında əldə olunan razılıq uzunömürlü olmayacaq. Bir müddət sonra Rusiya Suriyadan çıxmalı olacaq. Ukraynanın Krım və Şərq vilayətlərini nəzarətdə saxlayan Kremlin burada uzun müddət qalacağı düşünülürdü. Amma bəzi ekspertlər vurğulayırdılar ki, Ukraynadan sonra Rusiya MDB-in digər ölkələrini nəzarətdə saxlamaq istəyəcək. Hesab edirəm ki, Rusiya rus cəmiyyətindəki "vətənpərvərlik" ovqatını möhkəmləndirmək üçün Suriyadan çıxıb hansısa MDB ölkəsinə müdaxilə edəcək. Suriyanın federallaşması layihəsi var. Ölkə bir neçə respublikaya parçalanacaq.


- Amerikanın Suriya ilə bağlı "B" planının olduğu bildirlir. Sizcə, bu plan nədən ibarətdir?
- Qərb dövlətləri də Suriyanın federallaşmasının tərəfdarıdır. Onlar Əsədin qalmasında maraqlı görünürlər. Əsəd qaldıqca Suriyada gərginlik daha da artır və bu da ölkənin federallaşmasına şərait yaradır. Bəzi xarici ekspertlər, politoloqlar Suriya probleminin həllini ölkənin federallaşmasında görürlər. Suriyadakı vətəndaş müharibəsi Kürdüstan dövlətinin yaradılmasına da şərait yaradır. Kürdüstan dövlətinin yaradılması Türkiyə, İran, qismən də Azərbaycan üçün təhlükə yaradır.

- Türkiyənin Suriya ilə bağlı proseslərdən kənarda saxlanılmasını necə izah etmək olar?
- Türkiyənin xarici siyasətində Yaxın Şərq önəmli yer tuturdu. Çünki həmin ərazilər vaxtilə Osmanlı imperiyasının nəzarətində olub. Qərb dövlətləri və Rusiya Türkiyənin Yaxın Şərqdə genişlənən nüfuzunun qarşısını almaq üçün Kürdüstan dövlətinin yaradılmasında maraqlı görünürlər. Qərbin Kürdüstan layihəsi əsasən, Türkiyəyə qarşı yönəlib və bunun nəticələri hazırda özünü biruzə verməkdədir.

- Azərbaycanın Suriya ilə bağlı mövqeyini necə qiymətləndirirsiz?
- Azərbaycan Suriya məsələsində Türkiyənin yanında olmalıdır. Əslində, ölkə rəhbərliyi daim vurğulayıb ki, Azərbaycan strateji müttəfiqi olan Türkiyənin yanındadır. Ayrı-ayrı məmurların açıqlamaları, fikirləri siyasi manevrlərdir. Rusiya və İranla olan münasibətlər Azərbaycanı Suriya məsələsində bir qədər fərqli siyasət yürütməyə sövq edir. Amma ümumilikdə biz Türkiyəni tam dəstəkləyirik. Bununla belə, Rusiya və İranı qıcıqlandıra biləcək addımlar atmaq istəmirik.

Ruslan


Müəllif:

Oxşar xəbərlər