İran Xarici İşlər Nazirliyinin sözçüsü Hossein Jaber Ansari fevralın 29-da jurnalistlərə verdiyi açıqlamada bildirib ki, tezliklə Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək: “Bu görüşdə prezidentlər İlham Əliyev və Hassan Rouhaninin Tehran razılaşmalarının icrası məsələsi müzakirə olunacaq». İran Xarici İşlər Nazirliyinin sözçüsü bundan əlavə dedi ki, Azərbaycan və İran prezidentlərinin Tehrandakı razılaşmalarının icrası iki ölkənin bir-birilə əlaqələrinin daha da inkişafına təkan verməklə yanaşı bunun digər qonşu ölkələrlə əlaqələrin inkişafına da müsbət təsiri var. Yəni digər qonşu ölkə dedikdə söhbətin əsasən Rusiyadan getdiyi aydınlaşır.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, prezident İlham Əliyevin İrana son rəsmi səfəri bölgədə sayca dördüncü yeni üçtərəfli Azərbaycan-İran-Rusiya formatının formalaşmasına təkan verdi: "Bundan əvvəl Azərbaycan digər üçtərəfli formatlarda iştirak edirdi. Bunlar Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Gürcüstan-Türkiyə. Adları çəkilən formatlardan yalnız Azərbaycan-Gürcüstan-Türkiyə formatı işləkdir, xarici işlər nazirləri tez-tez görüşürlər. Çünki, bu üçtərəfli format konkret layihələrə və onların icrasına əsaslanır. İranla Türkiyə arasında Suriya məsələsinə görə dərin fikir ayrılığı yarandığına görə Azərbaycan-İran-Türkiyə formatı hazırda işlək deyil".
Ekspertə görə, Azərbaycanın İranla dialoquna Rusiyanın qoşulması rəsmi Bakının maraqlarına cavab verir: "Birincisi, Azərbaycanla İranın dəmiryollarının birləşdirilməsi Rusiyanın da xeyrinədir, bu ölkə öz mallarını həm İrana, həm də İran üzərindən Asiya ölkələri və Fars körfəzinə daşıyacaq. Azərbaycan digər tranzit layihələrində də iştirak edir, ancaq həmin dəmir yol qovşaqları Rusiyadan yan keçir. Bu isə Moskvada narahatlıq doğurur. Ona görə də rəsmi Bakı Moskvanın narahatlığını azaltmaq üçün Rusiyanın iştirakıyla şimal-cənub dəhlizini qısa zamanda yekunlaşdırmaq istəyir. Bu bir növü Heydər Əliyevin 1990-cı illərdəki xarici siyasətini xatırladır. Heydər Əliyev neftin dünya bazarlarına daşınmasında Rusiyadan yan keçən istiqamətlərə üstünlük verirdi. Ancaq Heydər Əliyev indi olduğu kimi Rusiyanın narahatlığını azaltmaq üçün Bakı-Novorosiysk boru xəttinin tikintisinə də razılıq vermişdi. Halbuki, bu il Bakı-Novorosiyk boru xətti ilə Azərbaycan nefti demək olar ki, daşınmayıb.
İkincisi, Rusiya yeni format vasitəsilə Azərbaycanı Suriya məsələsində Səudiyyə Ərəbistanı + Türkiyə koalisiyasından uzaq tutmağa çalışacaq. Bu rəsmi Bakının da xeyrinədir ki, Suriya məsələsində neytrallığını qorusun. Buna baxmayaraq, rəsmi Bakı Azərbaycan-Rusiya-İran formatı çərçivəsində Türkiyə və Səudiyyə Ərəbistanının əleyhinə çıxa bilməz. Yəni əgər Moskva və Tehran Bakıdan Türkiyə və Səudiyyə Ərəbistanının əleyhinə bəyanat verməyə məcbur etsələr, Azərbaycan hakimiyyəti bu cür mətndən imtina etməlidir. Azərbaycanın imza atacağı mətndə yalnız iki cümlə yer ala bilər: “Azərbaycan Suriyanın ərazi bütövlüyünü dəstəkləyir”, “Azərbaycan Suriyada sülhün bərqərar olmasını istəyir”. Bundan artığına getmək həm Azərbaycanın təhlükəsizlik maraqlarına, həm də balanslaşdırılmış xarici siyasətinə zidd olacaq. Yəni rəsmi Bakı birgə bəyanatda Əsədi dəstəkləyə bilməz".
E.Şahinoğlu hesab edir ki, Vaşinqton Azərbaycan-Rusiya-İran formatının əleyhinə çıxmaz. Əksinə, Azərbaycanın Rusiya ilə İran arasında sabitləşdirici rol oynaması ABŞ-ın xeyrinədir: "Çünki, adı çəkilən 3 ölkədən məhz Azərbaycan ABŞ-la enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edir və rəsmi Bakı Moskva və Tehranın arzusu ilə ABŞ-la əməkdaşlıqdan imtina etməyəcək. Azərbaycan-Rusiya-İran formatı Ankarada müəyyən suallar doğura bilər. Türkiyənin prezidenti Rəcəb Təyyub Ərdoğan emosional siyasətçidir. Ona görə də Ərdoğan yeni formatı özünün Suriya siyasətinin əleyhinə kimi qiymətləndirə bilər. Ona görə də rəsmi Bakının Azərbaycanın yeni formatda iştirakının məqsəd və məramları haqqında Ankaranı bilgiləndirməsi vacibdir. Bir daha Ankaraya bildirilməlidir ki, Azərbaycan Türkiyənin əleyhinə heç bir blokda yer almayacaq, əksinə Azərbaycan yeni formatda öz maraqları ilə yanaşı Türkiyənin də maraqlarını nəzərə alacaq".
Ruslan