Azərbaycan-Rusiya münasibətləri son günlər yenidən gündəmə gəlib. Kremlin Ermənistana 200 milyon dollar məbləğində silah-sursat satması, Xarici İşlər Nazirliyinin Rusiyaya nota göndərməsi, Azərbaycan və Rusiya prezidentləri arasında bir neçə dəfə telefon danışığının olması və nəhayət, Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozinin Bakıya səfəri ciddi müzakirələrə yol açıb. Bu arada İran-Azərbaycan-Rusiya əməkdaşlığı regionun iqtisadi və siyasi mənzərəsinə yeni rəng qatıb. Teleqraf.com yuxarıda qeyd olunan məsələlərlə bağlı politoloq Fikrət Sadıqovun fikirlərini öyrənib. Onunla müsahibəni təqdim edirik:
- Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin Bakıya səfər edib. Sizcə, bu səfərin mahiyyəti nədən ibarətdir?
- Dmitri Roqozin Baş nazirin hərbi məsələlər üzrə müavinidir. Onun Azərbaycana səfəri hərbi-texniki əməkdaşlıq məsələlərilə bağlıdır. O, eyni zamanda Rusiya-Azərbaycan müştərək iqtisadi komissiyasının sədridir. Roqozin kifayət qədər nüfuzlu dövlət xadimidir. Prezidentə yaxın adamdır. Onun Bakıya gəlməsi bir sıra amillərlə bağlı ola bilər. İlk növbədə hərbi-texniki məsələlər müzakirə olunacaq. Yeni texnikaların alınması, hərbi-texniki əməkdaşlığın gücləndirilməsi əsas mövzulardan olacaq. Məlumdur ki, Rusiya Ermənistana 200 milyon dollarlıq kredit çərçivəsində silah-sursat verib. Bunun ətrafında danışılacaq. Dmitri Roqozin Rusiya-Azərbaycan müştərək iqtisadi komissiyanın sədri kimi iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm rol oynayır. Onun bu səfəri ölkələr arasındakı münasibətlərin inkişafına təkan verəcək.
- Son vaxtlar Azərbaycan və Rusiya prezidentləri arasında bir neçə dəfə telefon danışığı olub. Əlaqələrin intensivləşməsi nə ilə bağlı ola bilər?
- Geosiyasi gərginliyin fonunda Azərbaycan və Rusiya prezidentləri arasında bir neçə dəfə telefon danışığı olması başa düşüləndir. Mən Yaxın Şərqdəki müharibəni, Rusiya-Türkiyə münasibətlərini və Rusiya-Azərbaycan partnyorluq münasibətlərinin inkişafını nəzərdə tuturam. Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında maraqlıdır. Türkiyə müttəfiqimiz, Rusiya isə partnyorumuzdur. Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Yaranmış situasiyada Azərbaycanın müstəqil siyasəti var. Azərbaycanla Rusiyanın anlaşa bilməyəcəyi məsələlər demək olar ki, yoxdur.
- İran-Azərbaycan-Rusiya əməkdaşlığının perspektivini necə görürsüz?
- Bu əməkdaşlıq kifayət qədər real görünür. Bu istiqamətdə artıq addımlar atılıb. İrandan başlayan dəmiryolu xətti Azərbaycandan keçməklə yükləri və sərnişinləri Rusiyaya çatdıracaq. Təkcə dəmiryolu xətti deyil, digər layihələr də olacaq. Əlbəttə ki, Ermənistanın İran-Azərbaycan-Rusiya əməkdaşlığından narahat olması anlaşılandır. İşğalçı ölkə yenə də regional layihələrdən kənarda qalır. İran-Azərbaycan-Rusiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Azərbaycan prezidenti İlham əliyev İranda olanda 11 sahə üzrə sazişlər imzalandı. Hətta bəzi sazişlər qlobal xarakter daşıyır. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini bura aid etmək olar. İran və Rusiya bu dəhlizlərin Azərbaycandan keçməsində maraqlıdırlar. Çünki onlar üçün ən sərfəli variant xətlərin məhz Azərbaycandan keçməsidir. Ermənistan başa düşür ki, İran və Rusiya ondan üz döndərmir, amma xarici siyasətlərində yeni istiqamətlər cızırlar. Bu, mühüm amildir. Azərbaycan bu layihələrdən həm siyasi, həm də iqtisadi baxımdan qazanır və ölkəmizin geostrateji əhəmiyyəti artır.
- Azərbaycan və Rusiya prezidentləri arasındakı telefon danışığı və Roqozinin Bakı səfəri zamanı Suriya məsələsinin də müzakirə edildiyi qeyd olunur. Sizcə, Azərbaycan Yaxın Şərqdəki proseslərin həllində Rusiya ilə əməkdaşlıq edə bilərmi?
- Azərbaycanın Suriya ilə bağlı mövqeyi məntiqlidir və hüquqa əsaslanır. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Almaniya mətbuatına müsahibəsində bildirib ki, Suriyanın təhlükəsizliyinin və ərazi bütövlüyünün yeganə qarantı Bəşər Əsəddir. Bu, o deməkdir ki, Azərbaycan Əsəd hakimiyyətini tanıyır. Azərbaycan Suriyada başqa hansı qüvvəni tanımalıdır? İŞİD-i, ya "Cəbhət ən Nüsra"nı, yoxsa kürdləri? Suriyada yeganə legitim qüvvə Əsəd hakimiyyətidir. Suriya məsələsində Azərbaycanın mövqeyi Qərb dövlətləri, Türkiyə ilə üst-üstə düşməsə də, Rusiya ilə çox yaxındır. Amma Rusiya Suriya məsələsində daha həssasdır, Bəşər Əsəd tərəfdarlarına silah verir, müxalifəti bombalayır və s. Biz hərbi proseslərdə iştirak etmirik. Siyasi baxımdan mövqeyimizi ortaya qoyuruq. Azərbaycanın özünün kifayət qədər problemi var. Bu mənada Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak etməməliyik.
Ruslan Xəlil