4 Mart 2016 12:54
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sessiyası öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, spiker deputatları qanun layihələrini müzakirə edərkən diqqətlli olmağa dəvət edib: “Birinci məsələ Konstitusiya qanunudur. Qanun ən azı 90 səslə qəbul edilməli və 6 aydan sonra yenidən səsverməyə çıxarılmalıdır”.

Daha sonra “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa dəyişikliklər edilməsi barədə Konstitusiya qanunu layihəsi haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri deyib ki, dövlət başçısının qərarı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb: “Təbii ki, onların səlahiyyət və hüququ vardır. Təklif edilən dəyişikliklər də bu məsələni özündə ehtiva edir”.

Komitə sədri qeyd edib ki, Mülki Məcəlləyə edilən dəyişikliklər də eyni xarakter daşıyır: “Bu dəyişikliklər yaradılan yeni qurumun səlahiyyətləri ilə bağlıdır. Həmçinin “Publik hüququ şəxslər” haqqında qanuna dəyişikliklər də bununla əlaqədardır. İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər eyni məqsədlə edilir. Dispozisiyada müvafiq icra orqanının adı dəyişdirilir. Mərkəzi Bank sözü yeni yaradılan qurumun adı ilə dəyişdirilir. Dəyişiklər qanunvericiliyin uyğunlaşdırılması ilə bağlıdır”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Maliyyə Bazarlarına Nəzarət Palatası haqqında danışarkən deyib ki, Vergi Məcəlləsinin müvafiq maddələrində maliyyə bazarlarına nəzarət məsələsi öz əksini tapıb. Onun sözlərinə görə, “Banklar haqqında”,”Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında” qanunlara dəyişikliklər yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlıdır.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı qeyd edib ki, prezidentin qərarı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb: “Bununla bağlı müvafiq işçi qrupu yaradılıb. Palatanın mandatı, fəaliyyət sferası, tənzimləmə prosesi açıqlanıb. Bu qurumun yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır. Bütövlükdə Palatanın kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcəyi nəzərdə tutulur. Palata həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini, onun tətbiqini təmin edəcək. Kredit təşkilatları dedikdə banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, milli poçt operatorunun maliyyə xidmətləri, sığorta sektoru dedikdə isə sığorta və təkrarsığorta şirkətləri, sığorta brokerləri və agentləri nəzərdə tutulur. Kapital bazarı ilə bağlı bir müddət bundan öncə parlamentdə yeni qanun qəbul olundu. Kapital bazarları institutları dedikdə investisiya şirkətləri, fond birjaları, klirinq depozitar institutları nəzərdə tutulur. Palata həmçinin sistem əhəmiyyəti olmayan ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə məşğul olacaq. Sistem əhəmiyyəti olmayan ödəniş sistemləri dedikdə klirinq hesablaşma ödəniş sistemləri (elektron ödəniş kartları) Palatanın tənzimləmə sferasına daxil olacaq. Habelə, bu gün mövcud olan qiymətli kağızların ticarəti üzrə klirinq və hesablaşma sistemlərinin fəaliyyətinin tənzimlənməsi hazırda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən icra edilir, gələcəkdə isə bu funksiya Palatanın mandatına daxil ediləcək”.

İşçi Qrupunun rəhbəri əlavə edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahədə tənzimləmə və nəzarəti həyata keçirmək üçün bir neçə alətlərdən istifadə edəcək: “Bunlardan birincisi lisenziyalaşdırmadır. Palata yuxarıda sadalanan sahələrdə lisenziyalaşdırma aparacaq. İkincisi, Palata maliyyə sektorunda norma yaratma, normativ xarakterli aktlar qəbul etmək səlahiyyətlərinə malik olacaq. Üçüncüsü, Palata tənzimləmə subyektləri olan banklar, kredit təşkilatları, sığorta şirkətlərindən və kapital bazarları iştirakçılarından özünün müəyyən etdiyi forma və qaydalarda hesabatlar alacaq. Bu hesabatlar həmin təşkilatların maliyyə vəziyyəti, idarəetmə sistemlərinin effektivliyi barədə davamlı təsəvvürün və təhlillərin formalaşmasına xidmət edəcək. Dördüncüsü, Palata tənzimlədiyi maliyyə bazarları institutlarının fəaliyyətini yerindəcə yoxlayacaq. Yoxlama prinsipləri və qaydalar isə Palata tərəfindən müəyyən ediləcək. Nəhayət, tənzimlənmə və nəzarət prosesləri gedişində hər hansı qanun pozuntuları aşkar edildikdə və yaxud maliyyə bazarı subyektlərinin riskli fəaliyyəti aşkarlanarsa, bu zaman təsir tədbirləri və ya sanksiya xarakterli tədbirlər tətbiq olunacaq. Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək”.

Hazırda müzakirələr davam edir.

Nemət


Müəllif:

Oxşar xəbərlər