“Prezident tərəfindən Milli Məclisə paket şəklində təklif olunmuş qanun layihələri çox önəmlidir. İqtisadi blokun inkişafı, dövlət büdcəsinə gəlirlərin gəlməsi, maliyyə nəzarətinin həyata keçirilməsi üçün bu qanunların qəbul olunması vacibdir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səsləndirib. O, bildirib ki, son dövrlər bəzi qurumlarda, dövlət strukturuna daxil olmayan kommersiya banklarında müxtəlif hadisələr baş verdi: “Buna nəzarət mexanizminin olmaması nəticəsində Azərbaycan vətəndaşlarının bir qrupu əziyyət çəkdi. Banka olan inam yavaş-yavaş sıradan çıxmağa başladı. Halbuki, Azərbaycan dövləti maliyyə sisteminin sabitliyini illərlə qoruyub saxlamaqla yanaşı, əhalidə banklara inam yaratmışdı. Hesab edirəm ki, banklara inamı bərpa etməliyik. Vətəndaşlar əmanətlərini sərbəst şəkildə bankda yerləşdirə bilməlidirlər. Bu, bir tərəfdən vətəndaşların gəlirlərini artırır, bank sisteminə inam yaradır, bankların digər şəxslərə kredit verməsinə köməklik göstərir, digər tərəfdən isə, cinayətkarlığın qarşısını alır. Son dövrlər evlərin qarət olunması, pulların oğurlanması geniş şəkildə yayılıb. Bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanları çox ciddi cəhd göstərirlər. İqtisadi blokun inkişafı həm maliyyə sisteminin tənzimlənməsi, həm də bank sisteminin möhkəmlənməsi üçün çox vacibdir”.
Komitə sədri bildirib ki, əvvəllər qeyri-rəsmi şəkildə bəzi yerlərdə mərc oyunları həyata keçirilirdi. Onun sözlərinə görə, bəzi insanlar qruplar şəklində pul yığırdılar: “Amma oradan dövlətə heç bir vergi gəlmirdi. Bu, ayrı-ayrı şəxslərin varlanmasına gətirib çıxarırdı. Qanuna edilən dəyişikliklə bunun qarşısını alırıq”.
Millət vəkili vurğulayıb ki, əmanətlərin tam sığortalanaması çox vacibdir: “Əvvəllər 30 min manat əmanət sığortalanırdı. Əgər bir vətəndaşın kifayət qədər vəsaiti var idisə, o, məcburiyyət qarşısında qalıb 6-8 adamın adına pul yerləşdirirdi ki, sığortalanmanı təmin etsin. Bu da sonradan qalmaqallara səbəb olurdu. Əmanətlərin 100 faiz sığortalanması həyata keçirilərsə, bütün vətəndaşlar özlərində saxladıqları, istifadə etmədikləri vəsaitləri banklara yerləşdirəcəklər”.
Nemət