5 Mart 2016 21:09
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqilliyinin 25-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan ABŞ-la əlaqələrə böyük əhəmiyyət verir və qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir. Öz növbəsində, ABŞ da Cənubi Qafqazın lider dövləti olan və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyan Azərbaycanla çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır. İki dövlət arasındakı münasibətlərin inkişaf tarixinə nəzər salsaq görərik ki, ABŞ-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdirilir.

ABŞ Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması məsələsində ölkəmizin həyata keçirdiyi siyasəti daim dəstəkləyib. ABŞ-ın nüfuzlu şirkətlərinin də iştirakı ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” bunun ən bariz nümunəsidir.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə səfir təyin olunmasının 1 illiyi münasibətilə “ABŞ-Azərbaycan münasibətləri: sabit və firavan gələcək naminə ortaq məqsədlər” adlı məqaləsində bildirib: “ABŞ həmişə Azərbaycanın davamlı sabitliyini və firavanlığını dəstəkləyib. Azərbaycanla davamlı və uzun müddətli münasibətlər arzusundadırlar və həmişə azərbaycanlıların yanındadırlar”.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn fevralın 29-da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib. O, ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməkdə davam edəcəyini vurğulayıb.

Fikrimizi ümumiləşdirsək, deməliyik ki, ABŞ-Azərbaycan əlaqələri qarşılıqlı maraqlar, bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf edir.

Politoloq Qabil Hüseynli də bildirib ki, Azərbaycan-ABŞ münasibətlərində ciddi dönüş yaranmaqdadır. Bu dönüşün yaranması hər iki dövlətin maraqlarına cavab verir və münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir: “Bu ayın sonlarında Azərbaycan Prezidentinin ABŞ-da keçiriləcək Nüvə Təhükəsizliyi Sammitinə dəvət edilməsi ölkəmizə etimadın, onun Prezidentinə hörmətin göstəricidir. Üstəlik belə bir fikir var ki, həmin konfransda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ola bilər və bu görüşdə Dağlıq Qarabağ probleminin həlli üçün müəyyən imkanlar yarana bilər. Vaşinqton səfəri həm də bu baxımdan əhəmiyyətlidir. Səfərin digər əhəmiyyəti də ondan ibarətdir ki, Azərbaycan-ABŞ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Bu gün Azərbaycan ”Cənub Qaz Dəhlizi"nin reallaşmasını, TANAP və TAP layihələrinin işə salınmasını həyata keçirə bilirsə, burada ABŞ-ın kifayət qədər rolu var. Belə ki, ABŞ bu layihənin reallaşması üçün daha çox dövlətlərin səfərbər edilməsinə və Bakıya gəlmələrinə təkan verən şərait yaradıb".

Q.Hüseynli qeyd edib ki, son bir ay ərzində Azərbaycana ABŞ-dan müxtəlif mesajlar gəlməkdədir: “Eyni zamanda, yüksək çinli amerikalı siyasi xadimlər də ölkə Prezidentinin qəbulunda olub və danışıqlar aparıblar. Azərbaycanın necə mürəkkəb geosiyasi məkanda yerləşdiyini başa düşmək lazımdır. Burada elə incə hərəkətlər etmək lazmdır ki, bu, nə Rusiyanı hiddətləndirsin, nə də ABŞ-ı regionun inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərdən vaz keçməyə şərait yaratsın. Azərbaycanın yürütdüyü tarazlaşdırılmış siyasət, bütün dövlətlərlə bərabər məsafədə dayanmaq siyasəti indiyədək etiyi kimi bundan sonra da hamını qane edə bilər”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər