5 Mart 2016 13:06
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov etimadnaməsini BMT-nin Cenevrə Bölməsinin Baş direktoru Maykl Möllerə təqdim edib.

Azərbaycanın Daimi Nümayəndəliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə səfir V.Sadıqov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Baş direktora çatdırıb və ölkəsinin BMT ilə bir çox sahələrdə sıx əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.

Söhbət zamanı o, bildirib ki, BMT-nin Cenevrə Bölməsinin ixtisaslaşdığı sahələr – insan hüquqlarının müdafiəsi, humanitar məsələlər və fövqəladə yardım, çoxtərəfli iqtisadi-ticarət əlaqələri və beynəlxalq təhlükəsizlik problemləri Azərbaycanın uğurla həyata keçirdiyi daxili və xarici siyasətinin vacib tərkib elementlərini təşkil edir.

Səfir V.Sadıqov bir sıra vacib sahələrdə, xüsusilə dözümlülük, multikulturalizm, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini vurğulayıb.

O, həmçinin, Azərbaycanın beynəlxalq səviyyədə humanistlik və sülhpərvər siyasətinin göstəricisi kimi 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsi və 2017-ci ildə növbəti İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini də Baş direktorun diqqətinə çatdırıb.

Bununla əlaqədar V.Sadıqov 2016-cı il aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və orada BMT-nin Baş katibi Pan Ki Munun gözlənilən iştirakı haqda məlumat verib.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən söz açmış səfir BMT-nin hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanıdığını vurğulayıb, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə istinad edərək, BMT-nin bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə əminliyini ifadə edib.

Cavabında M.Möller bildirib ki, BMT-nin Cenevrə Bölməsi BMT çərçivəsində qəbul olunmuş Davamlı İnkişaf Məqsədləri proqramının həyata keçirilməsi prosesində mühüm rol oynayacaq və BMT üzv ölkələri ilə əlbir işləməyə hazırdır.

Beynəlxalq təhlükəsizlik məsələlərinə toxunaraq Baş direktor qeyd edib ki, bu məsələlərin yeni inkişaf səviyyəsinə qaldırılması böyük əhəmiyyət kəsb edir və bütün ölkələrin səylərinin səfərbər olunmasını tələb edir.

Görüşün sonunda BMT-nin Cenevrə Bölməsinin Baş direktoru M.Möller öz salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını səfir V.Sadıqovdan xahiş edib və ölkəmizlə BMT-nin Cenevrə Bölməsi arasında əlaqələrin inkişaf etdirilməsində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.


Müəllif:

Oxşar xəbərlər