Xəbər verdiyimiz kimi AXCP-nin Əli Kərimli qanadı ilə REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli arasında sosial şəbəkədə mübahisə yaranıb. Belə ki, N.Cəfərlinin Ə.Kərimlini tənqid etməsi cəbhəçiləri qıcıqlandırıb və REAL təmsilçisi ittihamlara, təhqirlərə məruz qalıb.
N.Cəfərlini satqın adlandıran cəbhəçilər ondan Əli Kərimlidən üzr istəməsini də tələb ediblər.
Hadisələrin sonrakı gedişatı barədə danışan Natiq Cəfərli deyib ki, AXCP rəhbərliyində təmsil olunan şəxslərlə kontakt olmayıb. Onun fikrincə, məntiqlə qarşı tərəf kontakt yaratmaqda daha maraqlı olmalı idi: "Biz REAL olaraq kontaktlara, müzakirələrə hazırıq. Əgər belə bir təşəbbüs göstərilsəydi, görüşüb qaranlıq olan məsələləri aydınlaşdırar, suallarımızı da verərdik. Hələlik belə kontakt olmayıb və yaxın gələcəkdə də gözlənilmir. Çünki qarşı tərəfin mövqeyi aqressiv və kifayət qədər sərt tonda idi. Onların mövqeləri arqumentlərə deyil, emosiyalara əsaslanırdı".
N.Cəfərli qeyd edib ki, məlum hadisədən sonra AXCP üzvlərindən kifayət qədər mesaj alıb, eləcə də ona zəng edənlər olub: "Bizim həftəlik mühazirələrimizdə çoxlu sayda AXCP üzvləri iştirak edir. Onların çoxu utanaraq və üzülərək bu olaya yanaşdılar. Onlar bunu ictimai şəkildə edə bilmirlərsə, anlaşılandır. Çünki bu halda onların özləri də hücuma məruz qala bilərlər. Məni dəstəkləyən belə AXCP üzvlərinə təşəkkür edirəm".
N.Cəfərli bundan sonrakı dönəmdə AXCP ilə bağlı siyasətlərinə dəyişiklik etməyəcəklərini ifadə edib: "Biz siyasətlə məşğuluq. Siyasətdə yersiz emosiyalara yer olmamalıdır. Emosional fon yaratmaq da lazım deyil. Siyasətdə maraqlar olur, ölkə maraqları da ön planda olmalıdır. Lakin AXCP ilə hər hansı bir koalisiyada olmaq mümkün deyil. Biz heç vaxt bloklarda təmsil olunmamışıq və bundan sonra da olmaq niyyətimiz yoxdur. Müxalifət illər ərzində onlarla birlik yaradıb. Lakin bu birliklər ideyalar deyil, şəxsiyyələr ətrafında olub. Odur ki, belə birliklər dağılıb. Köhnə yanaşma ilə yaradılan birliklərə qoşulmaq niyyətimiz yoxdur".
N.Cəfərli hesab edir ki, sosial şəbəkədə AXCP ilə yaşanan gərginlik olsa da, ictimai rəydə udan və uduzan tərəf bəllidir: "Belə hadisələr zamanı bitərəf şəxslərin fikri əhəmiyyətli olur. Sosial şəbəkələrdə gedən müzakirələr zamanı neytral insanlar münaqişədə aqressiv olanları qınadı və bizə yaxın mövqe sərgilədilər. Bunu hamı gördü, qiyməti ictimaiyyət verdi".
REAL funksioneri hesab edir ki, AXCP tərəfindən aqressiv, radikal mövqenin sərgilənməsi, barəsində şər-böhtanların səsləndirilməsinin bir səbəbi də, onların 2015-ci il parlament seçkilərində iştirakıdır: "Ola bilsin ki, bizim seçkilərə getməyimiz, Müsavatla eyni mövqedə çıxış etməyimiz həzm edilməsin. Bizim seçkilərə getməyimiz o zaman AXCP-də qıcığa səbəb olmuşdu. Amma biz buna nə əhəmiyyət, nə də cavab vermədik. Seçkilərdə iştirakımız da doğru qərar idi. Bir neçə dairədə hərəkatımızı təbliğ etdik, gənclərimiz təcrübə topladı. Ola bilsin ki, seçkilərə qatılmağımız AXCP-də qıcıq yaradıb. İndi mənə qarşı kəskin, emosional və aqressiv münasibətin olmasının səbəblərindən biri də seçkidəki mövqeyimizdir".
CAVİDAN