10 Mart 2016 13:44
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şura bir neçə partiyanın yaratdığı “Anti-böhran Koalisiyası”nın üzvü Elşad Musayevin ittihamlarına cavab verib.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı E.Musayevin səsləndirdiyi ittihamları qəbul etmədiyini açıqlayıb. Qeyd edib ki, irəli sürülən ittihamlar yersizdir: “Elşad Musayev bəyan edir ki, biz son 20 ildə ancaq müxalifət düşərgəsini uğursuzluğa aparmışıq. Əvvəla, onun özünün də burada payı olub. Məsələn, son illər elə bir birlik olmayıb ki, həmin şəxs bu birlikdə təmsil olunmasın və ön sıralarda əyləşməsin. Bütün bu proseslərin içərisində Elşad Musayev və digər partiya sədrləri iştirak edib. Elə partiyalar var ki, bir rayon təşkilatı hansısa partiyadan ümumilikdə güclüdür. Ancaq son 20 ildə uğur və uğursuzluqlarda onların hamısının payı var. Bəli, son illər müxalifət düşərgəsi imkanlarını damla-damla əldən verib. Bu dəqiqə imkanlar və rıçaqlar tam itirilmiş vəziyyətdədir. Amma bunlara biz birlikdə gəlib çıxmışıq. ”Anti-böhran Koalisiyası"nda təmsil olunanların, digər ayrı-ayrı şəxslərin bunda payı var. İndi onlar Milli Şuranı, AXCP-ni ittiham edirlər. Bəs, ittiham edəndə özlərini niyə ayırırlar? Açığı, bu şəxslər son 20 ildə mənim üçün hədəf olmayıb. Onlar bizimlə pis və ya yaxşı addımlayıblar. Ancaq bu şəxslərə hədəf kimi yanaşmırıq. Bunu heç geniş müzakirə etmək də istəmirəm. Belə fikirlər olacaq. Desinlər, amma özlərini bundan kənarda saxlamasınlar. Çünki bizimlə birgə bu yolu gəliblər".

R.Manaflı Milli Şura və AXCP üzvlərinin sosial şəbəkələrdə tərbiyəsizlik etdikləri, onlarla razılaşmayan digər şəxsləri təhqir etdikləri barədə fikirlə də razılaşmayıb: “Mən özüm də sosial şəbəkələrdə oluram, oxuyur və izləyirəm. Bir çox hallarda tənqidlərə rast gəlmişəm, amma tərbiyəsizlik elementlərini görməmişəm. Ola bilsin ki, onlar tənqidi təhqir kimi qəbul edir. Bu da, təbiidir. Mən əslində həmin koalisiyada təmsil olunanları sosial şəbəkələrdə görmürəm. Bu saat internetdən milyonlarla insan yararlanır. Burada müxtəlif insanlar var, onların illərlə formalaşan fikir və mövqeləri mövcuddur. Qarşı tərəfdən bizim haqqımızda deyilənlər olduğu kimi, bu tərəfdən də onlar haqqında nələrsə deyilir. Ancaq şəxsən mənim qarşıma təhqir və tərbiyəsizliklə bağlı heç nə çıxmayıb. Tənqid isə hər zaman olmalıdır. Əslində, mən təhqirin də tərəfdarı deyiləm və Milli Şuranın hədəfi onlar deyil. Bəzən bəyan edirlər ki, deputat ola bilməyən, hakimiyyətdən qovulan şəxslərin hamısı Milli Şurada təmsil olunur. Bunu deyənlərin çoxu və ya ətrafı hansısa illərdə deputat olublar. ”Anti-böhran Koalisiyasında vaxtilə parlamentə düşən şəxslər var. Belə iddialar irəli sürmək doğru deyil. Çünki onların bir çoxu vaxtilə deputat seçiliblər, müəyyən fəaliyyətdə bulunublar. Bu mənada səsləndirilən iddia və ittihamları yersiz hesab edirəm".

Koordinasiya Mərkəzinin üzvü Milli Şura ilə “Anti-böhran Koalisiyası”nın münasibətlərinin nə cür ola biləcəyini də açıqlayıb: “Məsələ son dərəcə aydındır. Bu Koalisiyada təmsil olunan şəxslərin çoxu vaxtilə Milli Şurada təmsil olunublar, sonra isə bu qurumu tərk ediblər. İndi onların hansı formada Milli Şuraya qayıda biləcəyini deyə bilmərəm. Milli Şura siyasi qüvvələrin birliyi olaraq yaradılıb. İndi kimlərsə gedib, kimlərsə qalıb. Yalnız gedənlər özləri qayıda bilər. İkincisi də, Milli Şuradan səs-küylə gedənlərin indi bu qurumdan nəsə tələb etməsi mənə anlaşılan deyil”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər