Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstan Prezidenti Rosen Plevneliev ilə görüşüb.
Görüşdə ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən, son illərdə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq ifadə edildi. Sərmayə qoyuluşu, enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafından məmnunluq bildirildi və Bolqarıstanın bu münasibətlərin daha da genişləndirilməsinə öz töhfəsini verməyə hazır olduğu vurğulandı.
Görüşdə IV Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi qeyd edildi, səmərəli müzakirələrin aparılması üçün tədbirin yaxşı imkan yaratdığı bildirildi. Diqqətə çatdırıldı ki, Forumun gündəliyində duran məsələlər aktualdır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.