10 Mart 2016 16:04
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən “Anti-böhran Koalisiyası”nın növbəti toplantısı keçirilib.

Koalisiyanın nümayəndəsi Tural Abbaslı bildirib ki, toplantıda bir sıra məsələlər müzakirə edilib: “Əsasən, qərarların icrası və ictimai-siyasi vəziyyət müzakirəyə çıxarıldı. Bildiyiniz kimi, ötən həftə debatlarla bağlı təkliflərimiz olub. Müxalifətdəki durumla bağlı AXCP, Müsavat və Milli Şuraya, ölkədəki durumla bağlı hökumətə müraciətimiz olub. Bu məsələ haqda məlumat verildi, qeyd edildi ki, artıq məktublar göndərilib və ilkin reaksiyalar açıqlanıb. Sonra isə ictimai-siyasi məsələlərə diqqət ayırdıq. Hazırda məktublara cavabı gözləyirik”.

T.Abbaslı bəyan edib ki, onlar Koalisiyanın fəaliyyətini bəyənməyən, hətta onu ziyanlı hesab edən müxalifətdəki bəlli qüvvələrlə debata hazırdırlar: “Bəziləri deyir ki, Koalisiya müxalifət deyil, özləri böhranlı durumdadır. Gəlsinlər, bunu debatda elan etsinlər. Yüzlərlə insan toplaşsın və canlı debatlar olsun. Onlar da sözlərini desin, arqumentlərini ortaya qoysun və sübut etsinlər ki, biz yararsız işlərlə məşğuluq. Xalq da kimin kim olduğunu görsün. Yoxsa, otaqlarında əyləşib böyük bəyanatlar verməklə bir iş olmur. İndiki halda bu cür mövqe ortaya qoymaq yalnız sobataj hesab oluna bilər. Sözləri varsa, buyursunlar meydana”.

“Anti-böhran Koalisiyası”nın nümayəndəsi qeyd edib ki, qarşı tərəfin sosial şəbəkələrdə və mətbuatda onların mövqelərini tənqid etməsi müşahidə edilir: “Biz Koalisiyanın adından tədbirlər keçirmişik. Yüzlərlə insan iştirak edib və onların tələbi belədir ki, müxalifət bir arada olsun. Əks təqdirdə məsələ ancaq siyasi qüvvələrin özündən olsa, heç debat da, birlik də lazım deyil. İndi xalqdan gələn sosial sifarişə qarşı tərəfin reaksiyasının necə olması onların özündən asılı olacaq. Yəqin ki, növbəti siyasi addımlar zamanı xalq da həmin partiyalara adekvat qiymət verəcək. AXCP-dən kimsə sosial şəbəkədə nəsə yazır, başqası reaksiya ortaya qoyur. Ancaq biz Müsavat və AXCP-yə rəsmi məktubla müraciət etmişik. Müraciətimizə cavab gözləyirik. Rəsmi cavab olana qədər göstərilən reaksiyalara şərh vermək niyyətində deyilik. Çünki bu halda bilmək olmur ki, reaksiya həmin şəxsin öz fikridir, yoxsa təmsil etdiyi partiyanın mövqeyi. Burada qeyri-adi nə var ki? Mövqelərini açıqlasınlar. Əgər açıqlamırlarsa, deməli, səhv etdiklərinin fərqindədirlər, odur ki, bunu ört-basdır etmək niyyətindədirlər. Hələlik bizə rəsmi cavab verməyiblər. Cavablarının müsbət və mənfi olmasının nəticəsi ayrı mövzudur. Müsbət cavabın olması daha yaxşı olardı. Gəlib sözlərini deyərdilər, biz də fikrimizi açıqlayırdıq. Yox, əgər mənfi cavab olacaqsa, deməli, yenidən hər kəs öz gücünü sübut etməyə çalışacaq, özünün vahid qüvvə olmasını iddia edəcək. Bu, əslində, bir qədər də tarixi məsuliyyətdir. Bu baxımdan veriləcək qərarlar əhəmiyyətlidir”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər