11 Mart 2016 12:26
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvəz Temirxan: “Biz təkbaşına addımlar atmağı üstün sayırıq”

Uzun müddətdir mətbuatda görünməyən Liberal Partiyanın sədri Əvəz Temirxan sədri olduğu qurumdan, müxalifət düşərgəsində müşahidə olunan proseslərdən və Lalə Şövkət Hacıyevadan danışıb.

ALP sədri deyib ki, Liberal Partiyanın Siyasi Şurasının iclası keçirilib, toplantıda bir sıra qərarlar verilib. İclasda növbəti qurultayın keçirilməsi məqsədilə təşkilat komitəsi yaradılıb: “Qurultayın bu il keçirilməsi nəzərdə tutulub. Ancaq aydındır ki, biz həm də situasiyaya baxacağıq. Bundan əvvəl partiyanın tərkibində komissiyaların yenidən formalaşdırılması məqsədilə addımlar atılıb. Bu proses icraiyyə komitəsinin sədri Elman Məmmədzadənin rəhbərliyi ilə həyata keçirilir. Eyni zamanda, müşahidə olunan qlobal maliyyə böhranı, onun ölkəyə təsiri ilə bağlı toplantı təşkil edilib, bu mövzuya beyin hücumu təşkil olunub. Hazırda ALP daxilində müzakirələr gedir, yaxınlarda partiya adından irəli sürüləcək təkliflər paketi ortaya qoyulacaq. Hazırda digər partiyaların bizdən yeganə fərqi ondadır ki, bu qurumlar mediada bizdən çox görünürlər. Bizim isə siyasi mübarizə taktikamız mediada mümkün qədər az görünməklə bağlıdır. Başqa sözlə, biz mətbuatda görünmürük, lakin gündəlik fəaliyyətimizi davam etdiririk”.

Liberal Partiyanın sədri müxalif düşərgədə müşahidə olunan prosesləri də şərh edib: “Biz təklif və proqramlar hazırlamağı, onu irəli sürməyi hansısa birliklər də təmsil olunmaqda deyil, partiya daxilində sağlam müzakirələr aparmaqda görürük. Bəzi partiyalar bir araya gəlir, birliklər yaradır, müzakirələr təşkil edirlər və s. Biz bu prosesdə iştirak etmirik və bunu da müzakirə predmetinə çevirmirik. Birlik yaradanlara da uğur arzu edirik”.

Müsahibimiz qeyd edib ki, təmsil etdiyi partiya heç vaxt müxalifət qüvvələrinin yaratdığı “Anti-böhran Koalisiyası”nın toplantısına qatılmayıb: “Fikirlər vardı ki, guya biz ilk toplantıya qatılmışıq. Bu, dəqiq informasiya deyil. Biz, ümumiyyətlə, tədbirdə iştirak etməmişik. Ancaq belə tədbirlərə qatılmamaq heç də ölkənin problemlərinə biganə qalmaq kimi yozula bilməz. Partiya olaraq öz mütəxəssislərimizin iştirakı ilə müzakirə aparırıq. Bizim baxışlarımız müxalifət və iqtidarın baxışlarından fərqlidir. Odur ki, biz təkbaşına addımlar atırıq”.

Əvəz Temirxan “Milli Birlik Hərəkatının lideri Lalə Şövkətin siyasətdən getməsi, Qubada yaşaması, kitab yazması, partiya ilə əlaqələr qurmaması” kimi fikirlərə reaksiya verib: “Lalə Şövkətlə azı gündə bir dəfə əlaqə saxlayırıq, görüşürük. ALP lideri mütəmadi olaraq partiya rəhbərliyində olan şəxslərlə, fəallarla və tərəfdarları ilə bir araya gəlir. Eləcə də gündə 9 saat işləyir, ölkədə və regionda baş verən prosesləri analiz edir. Lalə xanım siyasətə elmdən gəlib və siyasi analizlər, proqramlar hazırlamaqla məşğuldur. Lalə Şövkətin səhhətində heç bir problem yoxdur və çox gümrahdır. Sadəcə, mətbuatda az görünür. Bu da, normaldır. Mən onun barəsində belə şayiələrin yayılmasının mənasını anlayıram. Biz 26 ildir ki, siyasətdəyik. Bu müddətdə Lalə Şövkət nə düşünübsə, onu deyib, nə deyibsə, ona əməl edib. Artıq bizi siyasi rəqiblərimizin, qısqanc tərəfdaşlarımızın nə deməsi maraqlandırmır. Kim nə deyir, özü bilər. Bu, bizim üçün maraqlı deyil”.

Nemət


Müəllif:

Oxşar xəbərlər