Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Türkiyənin paytaxtı Ankarada 34 nəfərin ölümünə, 125 nəfərin yaralanmasına səbəb olan terror hadisəsi barədə şərh verib.
Teleqraf.com xəbər verir ki, deputatın fikrincə, terror hadisəsinin Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri ərəfəsində baş verməsi onu göstərir ki, kimlərsə Azərbaycanla Türkiyənin yaxınlığından narahatdır: “Yenə Ankaranı ağ qaraya çevirdilər. Yenə terror Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri ərəfəsində baş verdi. Kimlərsə bu iki dövlətin yaxınlığından çox narahatdır və qardaşlığa kədər toxumları səpməyə çalışır. Türkiyədə aramsız dəhşətli terrorun ilk səbəbi bu dövləti zəiflətmək, onu diz üstə çökdürmək məqsədidir. Bu nəhəng və möhtəşəm dövlətin müstəqil siyasəti xaricdə müəyyən dairələrin maraqlarına cavab vermir. “Terrorun olması kimə sərf edir?” sualını vermək kifayətdir ki, sifarişçiləri hesablayıb ortaya çıxarasan. Terrorun Türkiyə rəhbərinin Azərbaycana səfəri ərəfəsində baş verməsi isə iki qardaş dövlətin daha da yaxınlığına son qoymaq, onları siyasi cəbhələrin əks düşərgələrinə salmaqdır”.
A.Mirzəzadə qeyd edib ki, bu dəfə Türkiyə Prezidenti səfəri təxirə salmamalı və Azərbaycana gəlməlidir: “Hesab edirəm ki, Prezident Rəcəb Təyyub Ərdoğan bu dəfə Azərbaycana mütləq gəlməlidir, dostluğumuza kölgə salanlara cavab verməlidir. Bura da Türkiyədir, burda da terrorda ölənlərin taleyinə acıyan 10 milyon türk var. Biz birlikdə güclüyük, biz türk dünyasına hücum çəkənlərə birgə cavab verməliyik”.
Qeyd edək ki, bundan öncə fevralın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etməsi üçün ölkəmizə səfəri nəzərdə tutulmuşdu. Lakin Ankarada baş verən terror hadisəsi nəticəsində səfər təxirə salınmışdı. Yenidən səfər martın 15-nə planlaşdırılmışdı, dünən Türkiyənin paytaxtında yeni terror hadisəsi oldu. Ərdoğanın budəfəki səfəri təxirə salıb-salmayacağı bəlli deyil.