“Türkiyənin paytaxtında baş verən son terror hadisəsi də eyni ssenari üzrə əvvəlkilərin təkrarıdır və əsas hədəf ölkədə qorxu mühitinin yaradılmasıdır. Əminəm ki, terrorizmə qarşı, onların dəstəkçilərinə qarşı türk millətinin birliyi bu məkrli planları pozacaq, Türkiyəmiz və türk millətimiz bu ağır sınaqlardan daha qətiyyətlə çıxacaqdır. Allah həlak olan qardaş-bacılarımıza rəhmət, yaralılara şəfa versin! Bütün Türkiyədəki rəsmi məqamlara və bu ağrını hiss edən bütün insanlara başsağlığı verirəm”.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Ankaradakı terrora münasibət bildirərkən qeyd edib.
Fazil Mustafa hesab edir ki, terror olayını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri ilə əlaqələndirmək yanlışdır: “Bu teraktlar Türkiyə hökumətinin terrora qarşı Güneydoğuda apardığı qətiyyətli addımlara verilən cavabdır. Məncə bununla terrorçular özlərinin daha da sərt cavab almasına zəmin hazırlayırlar”.
Millət vəkili həmçinin, səfərin təxirə salınacağını istisna etmir: “Məncə bu səfəri təxirə salınacağını ehtimal etmək olar. Çünki həlak olanların dəfnində iştirak etmək, ölkədəki prosesləri nəzarətdə saxlamaq üçün prezidentin bilavasitə məsləhətləşmələr aparması zərurəti yaranıb. Hər halda Türkiyə prezidenti daxili şəraiti ölçüb-biçərək bu qərarı verəcəkdir”.