Sona Əliyeva: “Bizdə də məktəbəqədər təhsil 3 yaşından deyil, daha erkən yaşlardan başlanmalıdır”
Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi hazırlanacaq. Bu məqsədlə artıq yeni İşçi Qrup yaradılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirilib.
Sözügedən komitənin sədri, akademik İsa Həbibbəyli deyib ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin dövlət standartları və proqramı” və Təhsil Nazirliyi tərəfindən hazırlanan, həmçinin, hökumət tərəfindən təsdiqlənən “Məktəbəqədər təhsilin nümunəvi nizamnaməsi” adlı sənədlər ilə tənzimlənir. Onun sözlərinə görə, yeni layihəyə həmin sənədlərin bır sıra müddəaları daxil ediləcək.
İ.Həbibbəyli qeyd edib ki, “Təhsil haqqında” qanunun 2-ci fəslinin 18-ci maddəsi bütünlüklə məktəbəqədər təhsilə həsr edilib: “Lakin “Təhsil haqqında” qanun çərçivə qanun olduğundan orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar-məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi və sair öz əksini tapıb”.
Komitə sədri əlavə edib ki, “Təhsil haqqında” qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3 yaşdan, 5 yaşdan isə məktəbəhazırlıq dövrü başlayır.
Artıq məktəbəqədər təhsillə bağlı bir sıra ölkələrin təcrübələrinin öyrənildiyini deyən İ. Həbibbəyli bildirib ki, qanun layihəsinin hazırlanması MM-in yaz sessiyasının gündəliyinə daxil edilib.
Layihənin ilkin variantının mayın ortalarına qədər hazırlanması planlaşdırılır: “Əgər layihənin hazırlanmasını çatdıra bilsək, onu I oxunuş üçün də MM-in müzakirəsinə verə bilərik. Biz məktəbəqədər təhsilə dair əsas anlaylışları, yeni baxışları əlavə etməliyik. Layihə hazırlanarkən bu sistemin bütün mənzərəsi, prinsipləri nəzərə alınmalıdır. Layihədə mütləq məktəbəqədər təhsilin yaş həddini, hətta yaş qruplarını müəyyən etməliyik. Məktəbəqədər təhsil müəssisələrinin idarəedilməsi, maliyyələşdirilməsi, məktəbəqədər təhsildə təlim-tərbiyə işlərinin təşkili, maddi-texniki bazasının qurulması kimi məsələləri layihənin ayrı-ayrı fəsillərinin əsas istiqamətlərinə çevirməliyik”.
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin yalnız dövlət, özəl və bələdiyyə tiplərinin olduğunu xatırladan İ.Həbibbəyli deyib ki, hazırda dünyada məktəbəqədər təhsilin müxtəlif tipləri-görmə, eşitmə, nitq qabiliyyəti zəif olan uşaqlar üçün xüsusi ixtisaslaşmış məktəbəqədər müəssisələri, korporativ, ailə tipli, internat tipli məktəbəqədər təhsil tipləri var.
İ.Həbibbəyli bildirin ki, məktəbəqədər təhsil müəssisələrinin tabeciliyi və onların hansı orqanın tabeçiliyində fəaliyyət göstərməsi bu qanunun predmeti deyil.
Sözügedən komitənin sədr müavini Bəxtiyar Əliyev də belə bir qanun layihəsinin hazırlanmasının və qəbulunun vacib olduğunu söyləyib. B. Əliyevin qeyd etdiyinə görə, bu məsələ bütövlükdə dövləti və cəmiyyəti geniş şəkildə düşündürür: “Ona görə bu yöndə qanunun hazırlanması və qəbulu olduqca əhəmiyyətlidir”.
Komitə sədrinin müavini həmçinin, Azərbaycan iqtisadiyyatının 85 faizinin özəl sektorun payına düşdüyünü deyərək, özəl sektoru məktəbəqədər təhsil müəssisələrinin yaradılması və təminatı məsələsinə diqqət göstərməyə çağırış edib.
Komitənin digər üzvü Sona Əliyeva da öz növbəısində belə bir sənədin hazırlanması və qəbulunu müsbət addım kimi dəyərləndirib. Bununla yanaşı, millət vəkili dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda məktəbəqədər təhsilin, xüsusilə, baxça təhsilinin 3 yaşdan deyil, daha tez başlanmasının məqsədəuyğunluğnu ifadə edib: “Məsələn, Finlandiyada məktəbəqədər təhsilə 9 aylığından başlanır. Bizdə də gələcəkdə bu məsələyə baxmaq və onu nəzərə almaq olar. Həmçinin, bu ölkədə məktəbəqədər təhsilə cəlbolunma 60 faizdir, Azərbaycanda isə bu göstərici xeyli aşağıdır. Eyni zamanda, orada 5 yaşdan 6 yaşa kimi məktəbəqədər hazırlığa cəlbolunma faizi 98 fiazidir. Yəni, orada uşaq baxçalarına cəlbolunma ilə bağlı icbarilik tələb olunmasa da, amma məktəbəqədər təhsilə hazırlığa cəlbolunma icbari xarakter daşıyır. Bizdə də bu praktikadan istifadə oluna bilər. İnsanları narahat edən bir məsələ də var. Bizdə belədir ki, 6 yaş tam olan kimi uşaq məktəbəqədər təhsil müəssisəsindən kənarlaşdırır və xüsusilə, işləyən, əmək qabiliyyətli valideynlər çətinlik qarşısında qalır. Elə bilirəm ki, bu məsələnin də həlli tapılmalıdır, uşaqlar sonacan, orta məktəbə gedənəcən məktəbəqədər təhsil müəssisələrində qalmalıdır. Bununla yanaşı, insanlarımızın bir çoxu gecə növbələrində işləyir və bu zaman uşaqların təlim-tərbiyəsi məsələsində problemlər yaranır. Odur ki, gecə növbələri ilə də bağlı məktəbəqədər təhsil müəssisələrinin yaradılması haqqında düşünülməlidir”.
Nemət