“Biz Müsavata, Milli Şuraya müraciət etmişik. Bundan öncə isə fevralın ortalarında prezidentə müraciət etmişik”.
Teleqraf.com-un xəbərinə görə, bunu Klassik Xalq Cəbhəsi Partiyasının sədri, Böhran Koalisiyasının nümayəndəsi Mirmahmud Mirəlioğlu deyib. O, bildirib ki, Müsavat, Milli Şura və YAP-a debatla bağlı müraciət edilib: “Hələlik bizə rəsmi cavab verilməyib”.
Müsahibimiz Müsavat Partiyasının yalnız funksional əməkdaşlığa üstünlük verməsi barədə bu partiyanın rəhbərliyinin verdiyi açıqlamaya da münasibət bildirib: “Əslində biz də deyirik ki, debatda funksional əməkdaşlıq məsələsi müzakirə edilə bilər. Yəni ortaya bir mövzu qoyuruq və deyirik ki, hamı debata gəlsin. Biz təklif edirik ki, konkret mövzunu müzakirə edək. Əgər bu, baş tutacaqsa, əla, baş tutmasa da, heç bir problem yoxdur. Bunu faciəyə də çevirmək lazım deyil. Ancaq bu zaman da bir çox suallara cavab alınacaq, artıq cəmiyyət biləcək ki, kim nəyi istəyir, nəyi istəmir. Başqa sözlə, kim Azərbaycan naminə çalışmaq istəyir və hətta şəxsi nüfuzunu da risk altına qoyur. Hər şey ortadadır. Bizim təklifimiz olub və açıq müzakirələrə hazırıq”.
KXCP sədri hesab edir ki, debatın baş tutub-tutmamasından asılı olmayaraq, bu məsələdə uduzan və udan tərəf olmayacaq: “Məncə, indiyə qədər sözçülüklə məşğul olanlar var. Biz bəzən hakimiyyəti qınayır, onu tənqid edirik. Ancaq iş ondadır ki, özünü müxalifət adlandıran bir qism adam tənqidə dözümsüz yanaşır. Bu mənada udan və uduzan tərəf olmayacaq. Adamlar sadəcə, mövqe bildirirlər. Sonra isə bəlli olur ki, bu mövqe yalnız sözdə və bəyənatdadır. Başqa sözlə, təşəbbüsləri, təklifləri müzakirə etmək gücündə deyillər. Məncə, hələlik bu məsələlərə gəlmək tezdir. Ancaq təklifə cavab verilməyəndə, konkret mövqe ortaya qoyulmayanda, təbii ki, bu məsələlər qiymətləndiriləcək. Bilinəcək ki, kim kimdir”.
KXCP sədri Mirmahmud Mirəlioğlu bəzi müxalifət fəallarının sosial şəbəkələrdə Anti-böhran Koalisiyasında cəmləşən partiyaların özünün böhranda olması, satqınlıq etməsi, düzgün siyasi yolda olmaması və digər bu kimi iddialara da cavab verib: “O qədər məsələlər var ki... Ümumiyyətlə, hesab edirəm ki, elmi texniki tərəqqi, sosial şəbəkələrdə inkişafın olması həm də insanların mahiyyətini ortaya qoydu. Kimin söz pəhləvanı olduğunu, kimin saxtakar olduğunu göstərdi. Bəzən seçkilərin saxtalaşdırıldığı qeyd edilir. Ancaq görün seçkiyə saxta deyənlərin özlərinin sosial şəbəkələrdə nə qədər saxta profilləri var. Və bu profillərdə onların sözünü deməyən insanları təhqir edirlər. Və ya özü söz demir, sözçüsünü işə salır. Bu ordan o tərəfə bir şey deyil. Bu həm də tərbiyə nümayişidir. Biri söyüş söyür, biri şər atır. Yəni mahiyyətlərini göstərirlər. Bu mənada kimin böhranlı durumda olduğu ortadadır. Lap elə böhranlı adamlar var. Hə, nə olsun? Məncə, burada həm də səviyyə məsələsi və ya problemi var. Kiminsə gözü yaxşı görmürsə, düşünürsə, başqası kiçikdir və ya böhranlıdır, buna boş vermək, əvəzində iş görmək lazımdır. Azərbaycanda böyük əksəriyyət söz deməyi iş görmək hesab edir. Bizim siyasətçilərin fəaliyyəti və faydalı işin əmsalı bununla hesablanır. Ancaq sözçülük iş görmək anlamına gəlmir”.
Cavidan