Bu gün Milli Məclisinin iclasında Nazirlər Kabinetinin 2015-ci ilə dair hesabatı ilə bağlı mllət vəkili Əflatun Amaşov bir sıra mələlələr ətrafında çıxş edib. Millət vəkili ənənəsinə sadiq salaraq yenə ölkə mediası ilə bağlı bir təkliflər irəli sürüb.
Teleqraf.com Əflatun Amaşovun çıxışının mətnini təqdim edir:
"Mən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il hesabatını qənaətbəxş hesab edirəm. Hesabat Azərbaycan hökumətinin fəaliyyətinin məhsuldarlığından xəbər verir. Həqiqətən də bütün sahələr üzrə nəticələr kifayət qədər aydın təhlil olunub və bu, imkan verir ki, perspektiv üçün reallaşdırılacaq tədbirləri ətraflı şəkildə proqnozlaşdıraq.
Fikirlərimi hesabatın VII fəslinin 5 və 6-cı bölmələri üzərində cəmləşdirəcəm. Məlumdur ki, 5 və 6-cı bölmələr müvafiq olaraq “Dövlət teleradio verilişləri” və “Dövlət informasiya sahəsi” adlanır. Bu iki başlıq bir məqama söykənir ki, bu da ümumən dövlətin informasiya siyasəti ilə bağlıdır. Yəni prinsipcə başlıca məqam dövlətin informasiya siyasətidir. Hesabatda bu xüsusda yalnız “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AzərTAc-ın 2015-ci il üçün fəaliyyətinin üzərində dayanılır. Əlbəttə, hər iki qurumun ölkəmizin media məkanında və informasiya siyasətində rolu böyükdür. Eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bu iki təşkilat müstəsna missiya yerinə yetirməkdədir.
Ancaq “dövlət teleradio verilişləri” xüsusi bölmə kimi nəzərdə tutulursa, o zaman yaxşı olardı ki, hesabatda Milli Televiziya və Radio Şurasının gördüyü işlər də əksini tapaydı. Bu qurum da kifayət qədər məhsuldar işləyir.
Unutmaq olmaz ki, bu gün dövlətin informasiya siyasətində əsas iştirakçılardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur. Qurumun ölkə mətbuatına verdiyi töhfələr göz qabağındadır. Yaxşı olar ki, növbəti illərdə hesabatın “dövləti informasiya sahəsi” bölümündə AzərTAC-la yanaşı KİVDF və digər əlaqədar qurumların da fəaliyyətindən bəhs edilsin.
Mən bu məsələ ilə bağlı bir dəfə fikirlərimi bildirmişdim. Yenidən ona qayıtmağı vacib sayıram. Məlumdur ki, devalvasiya mediaya da mənfi təsirini göstərib. Kağız bahalaşıb, çap xərcləri artıb. Bununla yanaşı ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərinə əlavə dəyər vergisinin tətbiqinə də başlanılıb. Bu, onsuz da çətin olan vəziyyəti bir qədər də mürəkkəbləşdirib. Media ictimaiyyəti məsələdən narahatdır. Bu gün bir çox media orqanının fəaliyyətində durğunluq yaranıb. İşini dayandıran KİV-lər var. Əlavə dəyər vergisindən Azərbaycan büdcəsinə daxil olan vəsaitin miqdarı o qədər də böyük deyil. Bu rəqəm təxminən yarım milyon manata yaxındır. Ancaq bu vəsait maliyyə sıxıntısı keçirən KİV-lər üçün heç də az deyil. Onlar onsuz da məhdud büdcə ilə fəaliyyət göstərirlər. Təklif edirəm ki, medianın cəmiyyət həyatındakı rolu əsas götürülərək ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi götürülsün. Azərbaycan hökumətindən mövcud istiqamətdə əməli tədbirlərin görülməsini xahiş edirəm.
İndi də deputatı olduğum Saatlı rayonunda seçicilərlə görüşlər zamanı qaldırılan problemlərlə bağlı təklif vermək istərdim. Ölkəmizdə digər qeyri-neft sahələri kimi aqrar sektorun inkişafına da xüsusi diqqət yetirilir. Belə diqqət Saatlı camaatı üçün həyati əhəmiyyətlidir. Mövcud relyef, bərəkətli Muğan torpağı ildə iki dəfə də məhsul götürməyə, ərzaq bolluğu yaratmağa imkan verir. Sakinləri də dədə-babadan işgüzardır. Onlar torpağa sevgilərini qayğı və zəhmətləri ilə nümayiş etdirirlər. İndi köməyə ehtiyacları var. Göz işlədikcə uzanan torpaqlar “su” deyərək imdad diləyir. Bu məsələyə kompleks baxılmalıdır. Mövcud şəbəkələr suya olan tələbatı ödəyə bilmir. Yeni, daha müasir su təchizatı şəbəkəsinin inşası olduqca zəruridir. Bu məsələ yubadılmamalıdır. Məhsul nə qədər bol olarsa, bir o qədər ucuzluq olar. Məsələnin mahiyyəti də məhz bunda yekunlaşır. Nazirlər Kabinetindən, hörmətli Baş Nazirimizdən Saatlı camaatı adında xahiş edirəm ki, bunu təxirə salınmaz məsələlər sırasına daxil etsin".