Azərbaycan Milli İstiqlal Partiyasının lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Məmmədov Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, təbrikdə bildirilir ki, uzun illərin qadağalarına baxmayaraq bu bayram milli-mənəvi dəyərlər sistemimizin vacib atributlarından biri kimi yaddaşlarda yaşayıb: “Açıq-gizli elbəel, kəndbəkənd dolaşıb. Bu bayram milli birliyimizi, qardaşlığımızı, gücümüzü, qüdrətimizi və yüksək humanizmimizi təcəssüm etdirən ən əlamətdar bayramdır. Ruhunda Baharın gəlişini və təbiətin canlanmasını ehtiva edən Novruz ölkəmizə və millətimizə yeni dönəmin, təzə ruhun, uğurlu başlanğıcın əsasını qoyacağı inancındayam. Bu bayramda alovlanan tonqallar ulu əcdadlarımızın və Vətənimiz uğrunda canından keçən şəhidlərimizin bizə əmanət qoyduğu Azərbaycanımızın bütövləşməsinə və çiçəklənməsinə gedən yola işıq salsın. Novruz bayramınızı bir daha təbrik edir və süfrələrinizin ruzi-bərəkətli olmasını arzulayıram. İnanıram ki, xalqımızın, millətimizin və dövlətimizin gələcək taleyində bu Novruzun qədəmləri düşərli olacaq”.
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı da Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir: “Bahar bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi və yurdumuzun hər bir güşəsində sonsuz sevinclə qarşılanması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərdəndir. Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan və qəlbləri Azərbaycanla birgə döyünən soydaşlarımız bu əziz günü bizimlə bərabər qeyd edirlər. Ümidvaram ki, milli dəyərlərə sadiqlik və həmrəylik duyğusu bütün azərbaycanlıları doğma Vətənimizin inkişafı naminə daha sıx birləşdirəcək. Hər birinizə bahar təravətli bayram əhval-ruhiyyəsi arzu edirəm. Bahar Bayramınız mübarək olsun!”
Səxavət