19 Mart 2016 12:28
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Mətbuat İnstitutu Prezident İlham Əliyev tərəfindən martın 17-də imzalanan əfv sərəncamını alqışlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Eurasia Diary” (Avrasiya Gündəliyi) beynəlxalq analitik-informasiya portalına BMİ-dən məlumat verilib.

BMİ-nin rəsmi saytında da yerləşdirilmiş məlumatda deyilir ki, onlar Azərbaycanda 148 nəfərin əfv olunması barədə yaxşı xəbər alıblar. Xüsusilə əfv olunanlar arasında jurnalist fəaliyyəti ilə məşğul olanların olması müsbət addımdır. O cümlədən jurnalist Rauf Mirqədirovun 5 il şərti cəza alaraq azadlığa buraxılması beynəlxalq qurum tərəfindən xoş niyyətin təcəssümü kimi qəbul edilir.

Beynəlxalq Mətbuat İnstitutunun yaydığı bəyanatda həmçinin, bu qurumun Bakı Regional Təşəbbüs Mərkəzi, Azərbaycan Milli Komitəsinin rəhbəri, BMİ-nin idarə heyətinin üzvü Umud Mirzəyevin də əfv sərəncamı ilə bağlı fikirlərinə geniş yer verilib. Sərəncamı yüksək qiymətləndirən U.Mirzəyev bildirib ki, beynəlxalq təşkilatlar bu istiqamətdə hökumət təmsilçiləri ilə səmərəli və konstruktiv dialoqu davam etdirməlidirlər. Çünki məhz bu əfv sərəncamı göstərdi ki, belə bir dialoqun çox xeyirli nəticəsi olur.

Xatırladaq ki, martın 17-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncam ümumilikdə 148 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər. Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var.

Səxavət


Müəllif:

Oxşar xəbərlər