13 İyun 2014 18:58
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” ilk Avropa Oyunlarına bir il qalması ilə bağlı geriyə sayım kampaniyasına Almaniyada yaşayan azərbaycanlılar da öz töhfəsini verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Almaniyanın Drezden şəhərində fəaliyyət göstərən Alm.Az Cəmiyyətinin təşəbbüsü ilə iyunun 12-dən başlayaraq Drezdenin ictimai nəqliyyat vasitələrindəki monitorlarda I Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilir. Gün ərzində 40-50 dəfə olmaqla, 3 gün göstəriləcək və minlərlə sərnişinin görə biləcəyi videoçarxda Azərbaycanın, Bakının göz oxşayan görüntüləri, tarixi, mədəniyyəti, eləcə də oyunlara hazırlıq məqsədilə görülmüş işlər öz əksini tapıb. Alm.Az Cəmiyyətinin sədri Ağahüseyn Babayev bildirib ki, 55 saniyəlik videoçarxın hər ayın eyni günlərində 3 gün ərzində Drezdenin ictimai nəqliyyat vasitələrindəki monitorlarda nümayişi nəzərdə tutulur.

Videoçarxın yayılmasında məqsəd I Avropa Oyunları öncəsi idman yarışına ev sahibliyi edəcək Azərbaycanın beynəlxalq aləmdə turizm potensialının, iqtisadiyyatının və zəngin mədəni irsinin təbliği olunmasıdır.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. Bu oyunlar idmanın 19 növünü əhatə edəcək ki, bunlardan 16-sı olimpiya, 3-ü qeyri-olimpiya idman növüdür.

Səxavət


Müəllif: