14 İyun 2014 19:09
787

İkram İsrafil: "Bu, tamamilə əsassız və qərəzlidir"

Müsavat Partiyasının başqan müşaviri Səxavət Əlisoy bəyan edib ki, əgər Bakı Şəhər İcra Hakimiyyəti qurultayı keçirmək üçün müvafiq şərait yaratmırsa, bu zaman partiya başqanlıqdan sultanlıq institutuna keçməlidir. Müşavirin fikrincə, qurultayın keçirilməməsi Bakı meriyasına deyil, partiyanın fəaliyyətinə mənfi təsir edir, onun strukturlarını iflic hala gətirir.

S.Əlisoyun fikrincə, indiki vəziyyət uzun müddət davam edə bilməz, çünki bundan uduzan Müsavat Partiyasıdır. Onun sözlərinə görə, qurultay məsələsi həll olunmalıdır:

"Biz hüquqi-demokratik bir ölkədə yaşayırıqsa, qurultayın keçirilməsi problemi yoluna qoyulmalıdır. Bir müddət əvvəl qurultayın keçirilməsi ilə bağlı təkliflərimi irəli sürmüşəm. Ancaq qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi tutumu az olan zallarda bu ali tədbirin keçirilməsini mümkün saymır. Bakı Şəhər İcra hakimiyyəti əgər 800 nəfərlik yer vermirsə, 500 nəfərlik zalda da bu ali tədbiri keçirmək olar. Bakı meriyası sonda bizi məcbur edəcək ki, başqanlıqdan sultanlıq sisteminə keçək".

Müşavir daha sonra əlavə edib ki, bu təklifinə görə, partiyadan ona hücumlar ediləcəyini istisna etmir: "Amma mən fikrimi deyirəm. Həm də fikrimi açıq şəkildə deyirəm. Bunu kim necə qəbul edirsə, onun öz işidir. Deyirəm ki, biz hüquqi dövlətdə yaşayırıqsa, qurultay üçün yer verilməlidir. Əks təqdirdə partiyada sultanlıq sisteminə keçməliyik və dünya da bunu görməlidir. Həm də nəzərə almaq lazımdır ki, hər bir şəxsin fikirlərini ifadə etmək, söz azadlığı var".

"Bu təklifə şərh verməyəcəm"

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Səxavət Əlisoyun fikirlərinə şərh verməkdən imtina edib. Deyib ki, oxumadığı bir şey haqqında fikir bildirmək niyyətində deyil: "Mən gözümdən əməliyyat olmuşam, hazırda açıqlama və təklifləri oxumaq durumunda deyiləm. Nə zaman özüm bu kimi açıqlamaları oxusam, o zaman da şərh verəcəm".

Müsavat divanının üzvü İkram İsrafil isə deyib ki, Əlisoyun "başqanlıqdan sultanlığa keçmək haqda təklifindən xəbərsizdir. Onun sözlərinə görə, Səxavət Əlisoyun da danışmaq, hansısa fikirlər və təkliflər irəli sürmək haqqı var: "Onun dediklərini qiymətləndirmək istəməzdim. Amma Müsavat Partiyası demokratik təşkilatdır. Müsavat başqanı İsa Qəmbər partiyada başqanlığa iki müddətdən artıq seçimin qarşısını almaq üçün nizamnaməyə maddə əlavə edib. Bu, İsa Qəmbərin təşəbbüsü ilə baş tutub. Bunları nəzərə alsaq, görərik ki, Müsavat Partiyasında sultanlığa keçilmək haqda fikirlərin olduğu tamamilə əsassız və qərəzli görünür. Müsavat Partiyası qurultayını keçirəcək. Hazırda partiyanın strukturları bu istiqamətdə Bakı Şəhər İcra Hakimiyyəti ilə yazışmalarını davam etdirir. Zamanı gələndə qurultay baş tutacaq".

CAVİDAN


Müəllif: