Müsavat Partiyasının funksioneri Çingiz Əli müxalifətin birliyi haqqında fikirlərini ifadə edib.
Teleqraf.com xəbər verir ki, Müsavat başqanı Arif Hacılıya yaxınlığı ilə seçilən Ç.Əli bəyan edib ki, Milli Şurada ancaq bir partiya fəaliyyət göstərir və orada qəbul edilən qərarlar, əslində, AXCP-nin verdiyi qərarlardır: “İndiki situasiyada müxalifətin işbirliyinə varması üçün ən düzgün yol Müsavat Partiyasının təklif etdiyi funksional əməkdaşlıqdır.
Yoxsa partiyalarüstü yeni bir qurum yaratmaq, ona rəhbər seçmək, səsvermə ilə qərarlar qəbul edərək uğurlu nəticələr əldə etmək mümkün deyil. Çünki hər təşkilatın özünün istədiyi qərarları qəbul edilməsinə çalışacaq və bunun üçün təmsilçilərinin sayını artırmağa çalışacaq. Partiya bağları hər zaman yeni yaradılan birliklərdən daha güclü olduğundan demokratik üsullar burada işlənməz bir hala gələcək. Bu kimi halları biz İctimai Palata və Milli Şuranın simasında müşahidə etdik. Azərbaycan artıq partiyalaşma mərhələsinə keçdikdən sonra yenidən ümumi nəsə yaratmaq praktik deyil. Mümkün olsaydı, elə müxalifətdə olan partiyalar özlərini buraxaraq bir təşkilatda birləşərdilər”.
Çingiz Əli daha sonra qeyd edib ki, indiyə qədər Milli Şura ona görə davam gətirir ki, burada bir partiyanın hegemonluğuna qarşılıq verəcək başqa qüvvələr yoxdur.
Cavidan