Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun həbsdən azad edildikdən sonra ilk təklifi AXCP-Müsavat münasibətlərinin yaxşılaşdırılması barədə olub.
Teleqraf.com xəbər verir ki, Q.İbadoğlunun sədri olduğu ADR Hərəkatının üzvləri buna etiraz ediblər.
Belə ki, İsa Qəmbərin qardaşı Rövşən Qəmbər Tofiq Yaqublunun AXCP ilə bağlı səsləndirdiyi təklifin mahiyyətini sosial şəbəkədə paylaşıb. Bundan dərhal sonra isə qızğın müzakirələr başlayıb.
ADR Hərəkatının üzvü Zakir Hüseynov bu təklifə qarşı çıxıb: “Hörmət bəslədiyim Tofiq Yaqublu, sizin barışıq təşəbbüsünüzü pis hal kimi qəbul etmirəm. Ancaq bir atalar məsəli var - özünə umac ova bilməyən özgəsinə əriştə kəsə bilməz. Fikrimcə, ilk öncə evin içi, sonra qohum-qonşu olmalıdır. Mən düşünürdüm ki, ADR Hərəkatında olanların satqın olmasına sizi heç kim inandıra bilməz. Çox təəssüf!”.
Zakir Hüseynov daha sonra qeyd edib ki, o düşünmür ki, Tofiq Yaqublu ADR-çilərin satqın olması haqqında fikir bildirib və beləliklə də, İsa Qəmbərlə həmrəy olduğunu ortaya qoyub: “Mən işarə etdim ki, birinci adam öz daxili problemləri ilə məşğul olmalıdır. Susqunluq yaxşı hal deyil və bir çox hallarda razılıq əlaməti kimi qəbul edilir. Mən işarə edirəm ki, birinci daxili problemləri yoluna qoymaq lazımdır. Bizə satqın damğası vurmaq istəyən kimliyindən asılı olmayaraq bir nömrəli satqındır”.
Sonda ADR Hərəkatının üzvü iddia edib ki, Tofiq Yaqublu Müsavatı işğal edənlərin yanında lövbər salıb, işğalçıları da son nəfəsə qədər dəstəkləyəcək: “Əgər bu, belə olmayacaqsa, fikirlərimə görə, dostlarımdan üzr istəməyə hazıram”.
ADR Hərəkatının digər üzvü Rövşən Dəmirli isə Zakir Hüseynovun iddiaları ilə razılaşmayıb və ona iradını bildirib: “Məncə, Tofiq Yaqublu ADR-çilərin satqın olması ilə bağlı fikir bildirməyib. Mən Yaqublunun fikirlərini oxumuşam. Ona Qubad İbadoğlu və AXCP haqqında suallar verilib. Onun da cavabı birmənalı olub. Deyib ki, münasibətlərin normallaşması üçün əlimdən gələni edəcəyəm. Həmçinin bildirib ki, Müsavatın qurultayı ərəfəsində Qubad İbadoğlunu dəstəklədiyinə görə peşman deyil”.
Cavidan