29 Mart 2016 22:44
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsavat Partiyasının Beyləqan rayon təşkilatının üzvlərinin böyük əksəriyyəti Azad Demokratlar Partiyasına keçib”.

Bu haqda Teleqraf.com-a açıqlamasında Azad Demokratlar Partiyasının Ali Məclisinin sədri Tapdıq Abbas deyib.

Onun sözlərinə görə, hazırda partiya üzvlərinin sayı 3 min nəfərdən artıqdır.

T.Abbas qeyd edib ki, partiya sıralarına qəbul olanların böyük əksəriyyəti müxalifət düşərgəsinə aid olan şəxslərdir: “Müsavatın keçmiş Məclis və Divan üzvləri Azad Demokratlar Partiyasına üz tutub. Müsavat Partiyasından ayrılan qüvvələrlə də iş aparırıq, onlarla əməkdaşlığa çalışırıq”.

T.Abbas Müsavat Partiyasından axının böyük olduğunu söyləyib: “Vaxtilə Müsavat Partiyasında Beyləqan rayon təşkilatında sədr olmuşam. Bəyanat verib partiyadan uzaqlaşdıq. Hazırda həmin təşkilatdan 150 nəfərdən çox keçmiş müsavatçı bizim partiyaya üzv qəbul olunub. Bir rayon təşkilatı öz fəaliyyətini dayandırdı və böyük əksəriyyət Azad Demokratlar Partiyasına qoşuldu. Ən güclü təşkilatlarımızdan biri də Beyləqan rayon təşkilatıdır. Həmin rayonda Müsavatın rayon təşkilatı yoxdur. Müsavatı Beyləqanda təmsil edən şəxs Xocavənddən qaçqın adamdır. Beyləqan rayon təşkilatında yerli adam təşkilat sədri deyil. Bu, o deməkdir ki, rayonda müsavatçılar Müsavatdan üz döndəriblər. Qurultayda saxta yolla başqan seçildi və buna görə də hamı kütləvi şəkildə partiyadan imtina elədi”.

Ali Məclisinin sədri vurğulayıb ki, Azad Demokratlar Partiyasının İdarə Heyəti hər həftənin bazar ertəsi öz iclaslarını keçirir: “Partiya daxilində ölkədə və dünyada gedən prosesləri təhlil edirik, partiya sıralarına hər toplantıda qəbul aparılır. Rayon təşkilatlarının formalaşmasında əsas işləri görürük. Özümüz də çalışırıq ki, müxalifətin birliyinə nail olaq. Müxalifət adına iddia edən qrupların sayı getdikcə çoxalır, ancaq bunun özü də yaxşı hal deyil. Əslində, müxalifət toplanıb birgə gücə çevrilməlidir. Azərbaycan müxalifətinin ən böyük problemi ondan ibarətdir ki, pərakəndəlik var. Hesab edirik ki, yaxın gələcəkdə bu pərakəndəliyi aradan qaldırmaq üçün öz təkliflərimizlə çıxış edək. Azad Demokratlar Partiyası öz fəaliyyətini müxalifət düşərgəsinin cərgəsində davam etdirir. Hazırda əsas üç qüvvə var: iqtidar, müxalifət partiyası və üçüncü qüvvə. Müxalifət partiyalarının sıralarında sayın çox olmasının yox, onların birləşib gücə çevrilməyinin tərəfdarıyıq. Hamının məqsədi demokratiyanın genişlənməsi, konstruktiv islahatların aparılmasıdırsa, bir neçə partiyanın birləşib birlik yaratması çox önəmli hadisə olardı. Müxalifət düşərgəsində Qərbyönlü, Rusiya və İran meyilli partiyalar var. Biz əsasən Qərblə inteqrasiyanı üstün tutan partiyalarla əməkdaşlığı nəzərdə tuturuq və onlarla birgə çıxış etmək niyyətindəyik. İslam partiyalarının əksəriyyəti İran meyillidir, Liberal Demokrat Partiyası və digər partiyalar Rusiya meyillidir, Azərbaycanın inkişafını Rusiyaya inteqrasiyada görürlər. Əksəriyyət partiya isə Azərbaycanın demokratik inkişafını Qərblə inteqrasiyada görürlər”.


Nərgiz


Müəllif:

Oxşar xəbərlər