30 Mart 2016 12:11
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “L’Opinone” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin Xocalı soyqırımı ilə bağlı fikirlərinin yer aldığı yazıya Ermənistanın İtaliyadakı səfiri Sarkis Qazaryan cəfəng iddialar, yalan və təxribatçı fikirlərlə münasibət bildirib.

Azərbaycanın İtaliyadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, buna cavab olaraq sözügedən qəzetdə M.Əhmədzadənin məktubu dərc olunub.

S.Qazaryanın diplomatik etikaya yad olan fəaliyyət tərzi və üslubunun onun diplomatiya sahəsində ilk vəzifə daşımasından xəbər verdiyini deyən M.Əhmədzadə vurğulayıb ki, erməni səfiri ölkəsinin dünya üçün heç bir strateji və iqtisadi maraq kəsb etməməsi səbəbindən öz fəaliyyətinin böyük hissəsini Azərbaycana qarşı qarayaxma kampaniyasına sərf edir. Belə bir fəaliyyətin Ermənistanda hakimiyyəti güc yolu ilə qəsb etmiş hərbi-kriminal xuntanın təmsilçisi olan bir səfir tərəfindən aparılmasının gülünc olduğunu bildirən M.Əhmədzadə Ermənistanda insan haqlarının acınacaqlı vəziyyətindən bu ölkənin siyasətçilərinin belə xəcalət çəkdiyini deyib.

Diqqətə çatdırıb ki, bu xüsusda, Ermənistanın müxalifət partiyasının lideri Raffi Hovanisyanın Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə ünvanladığı məktubla tanış olmaq kifayətdir.
M.Əhmədzadə erməni səfirinə 1999-cu ildə Ermənistan parlamentində baş vermiş gülləbarana, bu ölkədə avtoritar rejimin hakimiyyəti əldə saxlaması üçün dinc sakinlərə qarşı həyata keçirdiyi qətl və repressiyalara, ötən ilin dekabrında bu rejim tərəfindən hakimiyyəti əbədiləşdirmək üçün təşkil olunmuş konstitusiya dəyişikliyi ilə bağlı saxta referenduma, siyasi aktivistlərin davamlı təqibə, təhdidə və hücumlara məruz qalmasına aydınlıq gətirməyi məsləhət görərək bütün sadalanan faktların Ermənistanın kriminal-hərbi avtoritar rejiminin mahiyyətini göstərdiyini deyib.

Erməni səfirinin “Azərbaycanın xarici ölkə vətəndaşlarını, o cümlədən 38 italiyalını qara siyahıya daxil etməkdən zövq aldığı” fikrinə münasibətdə azərbaycanlı diplomat bildirib ki, həmin şəxslərin Azərbaycan hökuməti tərəfindən arzuolunmaz şəxslər elan edilmələri onların Ermənistanın hərbi işğalı altında olan ərazilərimizə Azərbaycanın razılığı olmadan qeyri-qanuni səfər etmələri ilə bağlıdır. Halbuki, İtaliyadakı erməni icması Azərbaycana münasibətdə, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv fikirləri olan italiyalı jurnalistlərin və ekspertlərin “qara siyahı”sını tərtib edib.

Xocalı soyqırımı haqqında erməni səfirinin cəfəng iddialarına cavab olaraq M.Əhmədzadə cari ilin martında Xocalı soyqırımına dair Romada İtaliya İnsan Haqları ilə bağlı Helsinki Komitəsi və İtaliya İnsan Haqları Liqası tərəfindən təşkil olunmuş seminarda Ermənistanın məsələ ilə bağlı məsuliyyətinə dair İtaliyanın nüfuzlu tədqiqatçıları tərəfindən səsləndirilmiş sübutlara diqqət yetirməyi tövsiyə edib. “Aydındır ki, erməni səfiri Xocalı soyqırımı zamanı Ermənistan qoşunları tərəfindən törədilmiş cinayətləri ört-basdır etməyə cəhd göstərir, çünki Xocalıdakı əməliyyatlara Ermənistanın hazırkı hökumətinin rəhbərləri başçılıq ediblər. Xocalıda körpələri qətlə yetirməsindən fəxrlə danışan bir prezidentin rəhbərlik etdiyi ölkəni təmsil edən səfirdən fərqli bir reaksiya gözləyə bilmərik”, - deyə azərbaycanlı diplomat vurğulayıb.

M.Əhmədzadə bildirib ki, erməni səfiri uzun-uzadı əsassız iddialar irəli sürməsinə baxmayaraq, Xocalıda baş verənlərin ölkəsi tərəfindən törədilmədiyini sübut edəcək arqumentlər tapmayıb və bu da Ermənistan qoşunlarının Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməsi faktını S.Qazaryanın bilavasitə qəbul etməsidir. Azərbaycan diplomatı qeyd etdib ki, Xocalıda qətlə yetirilmiş 56 şəxsin cəsədinin zorakılığa və vəhşiliyə məruz qalması ermənilər tərəfindən bu hərəkətlərin yaxın məsafədən və bilərəkdən törədildiyini sübut edir. Mülki şəxslərin bədəninin bu formada təhqir olunması Ermənistan səfirinin öz prezidentinin fikirlərinə istinadla vurğuladığı “güllə və raketlər mülki şəxslər və əsgərlər arasında fərq qoymur” fikri ilə ziddiyyət təşkil edir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər