30 Mart 2016 15:03
1 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Torpaq Məcəlləsinə növbəti dəyişiklik edilməsi təklif olunur. Teleqraf.com xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Komitənin sədri Eldar İbrahimov qanun layihəsinin ölkə Prezidentinin imzası ilə parlamentə daxil olduğunu və onun çox böyük əhəmiyyət kəsb etdiyini dilə gətirib.

Milli Məclis (MM) Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini – Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə bildirib ki, hələ də ölkədə torpaqların zəbt edilməsi, dövlət təyinatlı torpaqların təyinatdan kənar istifadəsi, təyinatın dəyişdirilməsi halları mövcuddur. Ona görə bu məsələnin qarşısını almaq üçün Torpaq Məcəlləsinə növbəti dəyişiklik təklif olunur.

Onun sözlərinə görə, təklif olunan dəyişikliyə əsasən, Torpaq Məcəlləsinin 110-cu maddəsinin tələblərini pozmuş şəxslər bundan sonra Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyacaqlar. O, həmçinin xatırladıb ki, torpaq qanunvericiliyinin pozulmasına görə ötən ilin sentyabrında parlamentdə Cinayət Məcəlləsinə dəyişiklilər edilib.

Millət vəkili Cavanşir Paşazadə deputat seçildiyi bölgədə, ölkənin Cənub zonasında pay torpaqların zəbt edilməsindən, mənimsənilməsindən şikayətlənib: “İnsanlara pay torpaqları ayrılıb. Amma hələ də çoxları pay torpağının harada olduğunu bilmir. Hamı bir-birinin torpağına girib, hətta, elələri var ki, başqalarının pay topaqlarını zəbt ediblər. İnsanlar hər dəfə bu məsələni qaldırır, haqlı şəkildə şikayətlənirlər. Bu məsələdə özbaşınalığa son qoyulmalıdır”.

Millət vəkili İqbal Məmmədov isə Lerik rayonda torpaq xəritələrinin düzgün olmamasından nazrazılıq edib: “Lerikdə torpaqların, xüsusilə, pay torpaqlarının birinin də xəritəsi düz deyil və bu məsələ, illərdir uzana-uzana gedir”.

Komitə sədri Eldar İbrahimov da öz növbəsində qanunvericiliyə təklif olunan növbəti dəyişikliyin məhz bu zərurətdən irəli gəldiyini bildirib: “Ümmummli lider Heydər Əliyev zamanında çox böyük və radikal addım ataraq ölkədə çox uğurlu torpaq islahatına getdi və torpaqları insanlara pulsuz-parasız verdirdi. Ona görə də indi kiminsə bundan sui-istifadə etməyə haqqı yoxdur. Torpaqla alver etmək olmaz.

Həmçinin, pay torpaqları təyinatı üzrə istifadə edilməlidir. Yoxsa, kimsə kefi istədiyi kimi orada villa, ev tikə bilməz. Hansı ki, bunu edənlər də var. Amma bu, yolverilməzdir. Sovetlər dövründə torpaqlatrın zəbt edilməsinə görə 3 ilə qədər azadıqdan məhrumetmə cəzası vardı. İndi az qala yüzlərlə, minlərlə hektar torpağı zəbt edənə, hasarlayana “sağ ol” deyirlər. Bir daha qeyd edirəm ki, bunlar yolverilməzdir və bu məsələdə özbaşınalığa son qoyulmalıdır. Elə bu gün müzakirəyə təqdim olunan sənəd də məhz bu zərurətdən irəli gəlib”.

Nemət


Müəllif:

Oxşar xəbərlər