"Araz Əlizadənin Azərbaycan himni barədə səsləndirdiyi aşağılayıcı fikirlərə parlament rəhbərliyi münasibət bildirməlidir".
Bunu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin Azərbaycan himni barədə səsləndirdiyi aşağılayıcı fikirlərə münasibət bildirərkən qeyd edib.
Mirmahmud Mirəlioğluna görə, A.Əlizadə özünün siyasi mğövqeyindən çıxış edərək zaman-zaman anti-milli məsələləri qaldırır: "O, işini bilən adamdır. Araz Əlizadə və qardaşı Zərdüşt Əlizadə sosial-demokratlar olaraq gündəmi dəyişmək üçün belə təkliflərlə çıxış edirlər. Bizim onlara qarşı mövqeyimiz aydındır. Baxışlarımızdakı ziddiyyət 90-cı ildən əvvəllərə gedib çıxır. Himnin dəyişdirilməsi daha öncə də qaldırılıb. Hər kəs cavabını alıb yerində oturub. Amma parlament üzvü olan şəxsin belə fikirlər səsləndirməsi başqa presedent yaradır. Siyasətçilər və jurnalistlərdən başqa parlament rəhbərliyi də məsələyə müdaxilə etməlidir ki, bu cür şeylər bir daha təkrarlanmasın. Dövlətin atributlarına hörmət etmək vətəndaşların borcu, dövlət məmurlarının isə birbaşa vəzifəsidir. Himnin dəyişdirilməsi o zaman dəyişdirilə bilər ki, bu məsələ ümumxalq müzakirəsində olsun".
KXCP sədri qeyd etdi ki, əvvəlki çağırış parlamentlərində Azərbaycan himnini bilməyən deputatlar olub: "Bəlkə də, indi də bəzi deputatlar himnimizin sözlərini yaxşı bilmirlər. Amma onların vəzifəsidir ki, himnimizə hörmət etsinlər. Hər kəs öz yerini, vəzifəsini bilməlidir".
Araz Əlizadə mətbuata açıqlamasında bildirib ki, Azərbaycan himninin nə musiqisi, nə də sözləri dövlət atributuna yaraşmır: "Dahi Üzeyir Hacıbəyov himnimizi mərsiyə kimi yazıb Azərbaycan Demokratik Respublikasının baniləri tələm-tələsikdə musiqiyə sözlər uyğunlaşdırdılar. Dünyada yeganə ölkəyik ki, bizim himnimiz minordur. Bütün dünyada himnlər majordadır. Yəni majorda olan himnlər ruh yüksəkliyi gətirir. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın”.
Ruslan