ABŞ-da keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti hazırda dünyanın diqqət mərkəzindədir. Sammitdə Azərbaycan da ən yüksək səviyyədə təmsil olunur.
Belə ki, Prezidenti İlham Əliyev yüksək səviyyəli tədbirdə iştirak etmək üçün martın 30-da Vaşinqtona səfər edib. Prezident İlham Əliyevin sammitə dəvət olunması ABŞ-ın Azərbaycanın dünyada artan nüfuzuna və beynəlxalq münasibətlər sistemində yerinə verdiyi əhəmiyyətlə yanaşı, həm də iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürü kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə görüşündə ifadə olunan fikirlər, səmimiyyət ölkələr arasında qarşılıqlı etimad mühitinin və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu açıq göstərib.
Azərbaycan Prezidentinin səfəri Azərbaycanla ABŞ arasında fəal siyasi dialoqun, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcudluğunu göstərib. Prezident İlham Əliyevin ABŞ dövlət katibi Com Kerri, ticarət naziri Penni Pritzker və digər rəsmi şəxslərlə görüşü, aparılmış müzakirələr iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində öz rolunu oynayacaq.
Prezident İlham Əliyevin ABŞ-a səfərini və keçirilən görüşləri şərh edən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, dövlət başçısının Nüvə Təhlükəsizliyi Sammitində iştirakı bir çox cəhətdən önəmlidir. Onun sözlərinə görə, birincisi bu, Azərbaycanın hazırda dünyada malik olduğu nüfuzunun siyasi qiymətidir: “Sammitə cəmi 50 dövlətin rəhbəri dəvət edilib. Onların böyük əksəriyyəti Avropanın və dünyanın inkişaf etmiş ölkələridir. Hansı ki, birbaşa nüvə texnologiyalarına malikdirlər. Azərbaycan bu gün nüvə tədqiqatları ilə məşğul olmasa da, regionda və dünyada qazandığı siyasi nüfuz, cənab Prezidentin dünyada təhlükəsizliyin möhkəmlənməsi üçün apardığı siyasət onun sammitdə iştirakını çox önəmli edir.
Təsadüfi deyil ki, cənab Prezidentin səfəri elə ilk gündən ABŞ dövlət katibi və ABŞ konqresmenləri ilə görüşdən başlayıb. Dövlət katibi ilə görüşdə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi, dünyada mövcud olan problemlər barədə fikir mübadiləsinin aparılması da diqqət çəkən bir məsələ oldu. Cənab Prezident Dağlıq Qarabağ probleminin həll edilməməsinin təkcə region üçün deyil, eyni zamanda dünya üçün böyük təhlükə törətdiyi fikrini də ABŞ-ın yüksək rəsmisinin diqqətinə çatdırdı. Amerika dövlət katibinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin vacibliyi barədə fikri, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə söylədiyi prinsipial mövqeyi də hesab edirəm ki, görüşün əsas detallarından sayıla bilər”.
A.Mirzəzadə qeyd edib ki, heç şübhəsiz, görüşdə Azərbaycan-Amerika münasibətlərinin bir çox aktual məsələləri də müzakirə mövzusu olub: “Həmçinin cənab Prezidentin konqresmenlərlə görüşməsi, Azərbaycanda son illərdə görülən işlər barədə məlumatın ABŞ parlamentarilərinə verilməsi də iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə təsir edən məsələlərdəndir. Nəzərə alsaq ki, ABŞ Konqresi ABŞ idarəetmə sistemində çox mühüm bir statusa malikdir və konqresmenlərin ayrı-ayrı məsələlər barədə öz mövqelərini bildirmələri bir sıra vacib məsələlərin qəbulunda əhəmiyyətli rol oynayır. Onların birbaşa birinci mənbədən Azərbaycanla bağlı məlumatlandırılması, Dağlıq Qarabağ probleminin tarixi və indiki vəziyyəti, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməkdən imtina etməsi barədəki fikirlər Azərbaycan barədə məlumatların çoxalmasına və daha obyektiv qiymətləndirilməsinə səbəb olur. Həmçinin cənab Prezidentin sammitdə çıxışı, onun sammitin digər iştirakçıları ilə görüşünün keçirilməsi gözlənilir. Bunlar hamısı Azərbaycanın beynəlxalq aləmdə yerinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə öz töhfəsini verir”.
Səxavət HƏMİD