2 Aprel 2016 14:46
611

“Verilən məlumata görə, ATƏT-in Minsk Qrupu gələn həftə Avstriyanın paytaxtı Vyana şəhərində görüş keçirəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi müzakirə olunacaq. Gözlənilir ki, həmişəki kimi bu dəfə də görüşdən sonra həmsədrlər bəyanat verərək tərəfləri sülhə çağıracaq və növbəti görüşü üçün regiona səfər edəcəklər”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə bildirib.

Deputat qeyd edib ki, ancaq nə bəyanat, nə də bu tip diplomatik səylər problemi həll edə biləcək: “Çünki məsələnin kökündə prezidentlərin neçə dəfə və harada görüşməsi deyil, problemi yaradan səbəbin öz adı ilə adlandırılması və onun aradan qaldırılması durur. Ermənistan işğalçı adlandırılmadığından və ondan beynəlxalq hüquq normalarına hörmət etmək tələb edilmədiyindən problem hələ də həll edilməmiş qalır.
Həmsədrlərin məsələyə ikili yanaşması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməməsi gərginliyin qalmasının əsas səbəbidir. Başqa buna oxşar situasiyada operativlik göstərən qüvvələr, indi Ermənistanın özbaşınalığına dözür, ona qrantlar ayırır və gərginliyin onilliklərlə uzanmasına şərait yaradırlar.

ATƏT-in Minsk Qrupu Ermənistanı işğalçı adlandırmayana qədər, ondan işğal edilmiş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmağı tələb etməyincə və məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmağını təmin etməyincə Dağlıq Qarabağ problemi beynəlxalq siyasətin ağrılı problemlərindən biri olaraq qalacaq. Nəticədə isə sülh təmin edilməyəcək və həmsədrlərin növbəti Vyana görüşlərinin sonu olmayacaq”.

Bəkir


Müəllif: