Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrlə bağlı Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov partiya adından Azərbaycan xalqına müraciət ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, partiya sədri müraciətində qeyd edib ki, son günlər Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti boyunca Azərbaycanın mövqeləri ağır silahlardan intensiv atəşə məruz qalır, eyni zamanda cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınır: “Aprelin 2-də düşmənin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxs, 12 nəfər hərbçi həlak olub və yaralananlar var. Bu, bir daha sübut edir ki, rəsmi Yerevan münaqişənin siyasi yolla ədalətli həllinin tapılmasında maraqlı deyil. Halbuki, Azərbaycan dövləti tərəfindən ölkənin tarixi ərazilərini işğaldan azad etmək məqsədilə həyata keçirilən tədbirlər onun beynəlxalq sənədlərdə əksini tapmış danılmaz hüququdur və buna görə də son günlərdə ordumuz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təcavüzkar fəaliyyətinin qarşısının alınması üçün lazımı addımlar ataraq düşmənin çoxsaylı canlı qüvvəsini və hərbi texnikasını məhv edib, bəzi əraziləri ermənilərdən təmizləyib.
VAMBP bəyan edir ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində erməni işğalçı qüvvələrinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatları qətiyyətlə və tamamilə dəstəkləyir.
VAMBP eyni zamanda yaranmış real vəziyyətdən çıxış edərək bildirir ki, uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin dondurulmasına çalışan ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhədə itirilmiş hər bir insan həyatına görə bilavasitə məsuliyyət daşıyırlar.
VAMBP belə hesab edir ki, ölkəmizin ərazi bütövlüyünün bərpası və Azərbaycan xalqının ali mənafeyi naminə ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlara yardımçı olmaq hər bir vətən övladının, hər bir siyasi və ictimai təşkilatın borcudur və bu böyük amal naminə hər kəsi, bütün xalqımızı milli birliyə və Azərbaycan dövlətinin yanında olmağa çağırır”.
Nemət