“Aprelin 2-dən cəbhə bölgəsində idim, Goranboy, Ağcakənddən tutmuş Xocavəndədək bütün cəbhə bölgəsini gəzdim. Bakıya indi çatmışam, insanların əhval-ruhiyyəsi yüksəkdir. Hamı qələbə əzmi ilə yaşayır”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov deyib.
Onun sözlərinə görə, insanlar Azərbaycan ordusuna inanır: “Çünki ordumuz xalqımızın etimadını doğruldur. Təxribat törədən düşmənə öldürücü və sarsıdıcı zərbələr vurulur və düşmən darmadağın edilir. Düşmənin başı ilan başı kimi yerindəcə əzilir. Hazırda bütün cəbhə bölgəsində mübarizlik əhval-ruhiyyəsi var”.
Deputat beynəlxalq təşkilatların qoşunların təmas xəttində baş verən silahlı toqquşmaya münasibətindən də danışıb:
“Beynəlxalq təşkilatlar, təcavüzkar Ermənistana himayədarlıq edən dövlətlər 1990-cı illərdə də vardı. O zaman Azərbaycan ordusu gücsüz idi. Azərbaycan torpaqları işğalçı tərəfindən öz havadarlarının köməyi ilə işğal olundu. 1 milyondan çox Azərbaycan vətəndaşı 25 ildən artıqdır köçkün, qaçqın vəziyyətinə düşüb. Onda riyakar, saxtakar, təcavüzkarı müdafiə edən qüvvələr niyə susurdu? Niyə narahat olmur, təşviş keçirmir, tədbir görmürdülər?
Ancaq Azərbaycan dövlətinin güclü ordusu torpağını işğal etmiş düşmən ordusuna qarşı vuruşur, onu ərazimizdən çıxarmaq istəyir. Bu, bizim hüququmuzdur. Beynəlxalq təşkilatlar, siyasətçilər, politoloqlar, KİV, teleaparıcılar niyə belə əl-ayağa düşüblər?
Bunlar erməni ilə dayıoğludur, yoxsa əmioğlu? Belə çıxır ki, bu təşkilatlar özlərinin nizamnaməsinə, konstitusiyasına zidd olaraq işğalçını himayə ediblər. Ona pul və silah verib qoruyublar. Bu gün Ermənistan zərbəmiz qarşısında tab gətirmir deyə ağız-ağıza verib çağırış edir, ağıllarına gələn bəyanatı səsləndirirlər.
Başda BMT olmaqla böyük dövlətlər təcavüzkar Ermənistanın işğalına haqq qazandırır, status-kvonun saxlanmasına şərait yaradır. Bu hərəkətlərinə görə onlara ayıb olsun!”
Nərgiz