Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının dövlət qeydiyyatı ilə bağlı müraciətini növbəti dəfə mənfi cavablandırıb.
Bu barədə hərəkatın sədri Qubad İbadoğlu məlumat verib. O, deyib ki, Ədliyyə Nazirliyi ADR Hərəkatının dövlət qeydiyyatına alınmasından ikinci dəfə imtina edərək, cavab məktubunda göstərilən və texniki xarakter daşıyan çatımazlıqları təşkilatı qeydiyyata almamaq üçün əsas kimi göstərərək “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa istinadən sənədləri geri göndərib.
ADR sədri qeyd edib ki, nazirlik ADR Hərəkatına ünvanladığı cavab məktubunda nizamnamədə idarəetmə orqanlarının səlahiyyət müddətinə və təsis qərarları ilə bağlı sənədlərin bütün təsisçilər tərəfindən imzalanmamasına irad bildirib. Nazirliyin cavab məktubunu və orda göstərilən iradları müzakirə edən ADR Hərəkatının İdarə Heyəti bu yanaşmanı tənqid edib. İdarə Heyəti qərara alıb ki, təşkilatın “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qeydiyyata alınması üçün sonuncu dəfə Ədliyyə Nazirliyinə müraciət etsin və əgər yenə də eyni problemlə üzləşərsə bundan sonra münasibətləri hüquqi müstəvidə aydınlaşdırmaq üçün məhkəməyə müraciət olunacaq.
Cavidan