“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri əvvəlcədən planlaşdırılmışdı. Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin görüşünün müəyyən bir gündəliyi də təsdiq olunmuşdu. Amma təbii ki, Lavrovun bu günlərdə Bakıya gəlməsi təmas xəttindəki gərginliklə birbaşa əlaqədar olacaq. Bu məsələlər ön plana çəkiləcək. Çünki Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir. Rusiya başa düşür ki, Azərbaycanın hərbi potensialı kifayət qədər yüksəkdir. Son hadisələr də təsdiq etdi ki, Azərbaycan sözlə, bəyanatlarla yox, əməldə də öz dediklərini yerinə yetirməyə qadirdir. Bu isə regionun aparıcı dövlətləri olan İran və Rusiyanı narahat etməyə bilməz”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin sabah Bakıda keçiriləcək görüşünü şərh edən F.Sadıqov qeyd edib ki, hər iki ölkə Azərbaycanın regiondakı rolunu və yerini kifayət qədər yüksək qiymətləndirir, Azərbaycanla müxtəlif sazişlər imzalanıb, nəqliyyat, enerji layihələri həyata keçirilir: “Bunlar kifayət qədər önəmli layihələrdir və onların həyata keçirilməsi təhlükə altına düşə bilər. Bu, öz-özlüyündə Azərbaycanın maraqları üçün müsbət bir amildir.
Amma eyni zamanda biz bu görüşdə Rusiyanın xarici işlər nazirinə çatdırmalıyıq ki, biz işğal olunmuş ərazilərin azad olunması tələbindən heç vaxt geri çəkilməyəcəyik. Əgər 20 ildən artıqdır münaqişəni dinc yolla, Minsk qrupu vasitəsilə həll etmək mümkün deyilsə, Azərbaycan güc tətbiq etmək hüququndan istifadə etməklə işğal olunmuş əraziləri azad etməyə həmişə hazır olmalıdır və bundan sonra da bunu edəcək. Bu hadisə Rusiyanın mövqeyinə bəlkə də təsir edə bilsin.
Çünki onlar başa düşəcək ki, Ermənistan hər halda belə bir vəziyyətə düşsə, onlar Rusiyadan asılı olan bir dövlət kimi öz müttəfiqlərini köməyə çağıracaqlar. Rusiya məcbur olacaq ki, burada həm hərbi, həm də iqtisadi köməklik göstərsin. Bu isə dəyişən geosiyasi fonda Rusiyanı o qədər də qane edən məsələ deyil. Odur ki bu danışıqlardan çox şey asılıdır. Hər halda Rusiya xarici işlər naziri bizim bu məsələyə dair ciddi narazılığımızı eşitməli, maraqlarımız və gələcək addımlarımızı nəzərə almalıdır”.
Səxavət HƏMİD