6 Aprel 2016 21:00
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüşabə Sadıqlı: “Partiyanın üzvü onun qərarlarına tabe olmalıdır”

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu Milli Şuradan çıxmayacağını elan edib. O bildirib ki, vaxtilə Müsavatın Milli Şurada qalması fikrində olub: “2013-cü ildə Müsavat Partiyasının Milli Şuradan çıxmaqla bağlı qərarının olmasına baxmayaraq, bu təşkilatda təmsil olunuram. Milli Şura fərdlərin təşkilatıdır. Mən də fərd olaraq, Milli Şurada qalıram, çıxmamışam. Milli Şuranın toplantılarında da iştirak edəcəyəm. Milli Şurada təmsil olunduğumu Müsavat Partiyasının rəhbərliyi də bilir. Onlar buna normal yanaşırlar. Partiyada Milli Şurada qalmağımla bağlı mənə heç bir irad bildirilməyib”.

Qeyd edək ki, Müsavat Partiyası 2013-cü ildə Milli Şuranı tərk edib. Bundan sonra Müsavatla-AXCP arasında gərgin münasibətlər yaşanıb. Tərəflər bir-birini satqınlıqda ittiham edib. Nəticədə son 3 ildə bu partiyalar arasında münasibətlər az qala düşmənçilik həddinə çatıb.

Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıqlı Teleqraf.com-a Tofiq Yaqublunun mövqeyini şərh edib:
“Mən Tofiq Yaqublunun bu mövqeyindən xəbərsizəm. Bilmirəm bunu nə zaman deyib. Müsavat demokratik partiyadır. Yəqin ki, Divanın iclasında Tofiq Yaqublu məlumat verəcək. Daha sonra isə Divan müvafiq qərar qəbul edəcək. Fərd olaraq mən bir söz deyə bilmərəm. Tofiq Yaqublu fərd olaraq azad insandır, seçim onundur. Ancaq bir partiya üzvü olaraq o, qərarlara tabe olmalıdır”.

Nüşabə Sadıqlı qeyd edib ki, hər kəsin düşüncəsində və yanaşmasında fərqli nəsə ola bilər: “Subyektiv fikrim belədir ki, bir siyasi partiyada toplaşmışıqsa, bu partiyanı təmsil ediriksə, onun qərarlarına da tabe olmalıyıq. Mən şəxsən belə düşünürəm. Divanda müzakirələr gedəcək, sonda da qərar qəbul ediləcək. Tofiq Yaqublunun bu qərara tabe olub-olmayacağı da onun şəxsi mövqeyi olacaq. Mən onun əvəzindən nəsə deyə bilmərəm”.

“Həm Müsavat başqanının müavini, həm də Milli Şura üzvü kimi qalmaq mümkündürmü” sualına gəldikdə Məclis sədri bildirib ki, buna cavab verməyə çətinlik çəkir: “Bunu da Divan özü müəyyən edəcək. Divan qərar verə bilər ki, Tofiq Yaqublu fərd olaraq Milli Şurada qalsın. Ancaq ola bilsin ki, Divan istəyər ki, partiyanın üzvü, başqan müavini Milli Şurada qalmasın. Bu, daha çox Divanın qərarından asılı olacaq. Divanda hər kəs öz fikrini azad şəkildə demək imkanına malikdir. Sonda da məsələ səsvermə yolu ilə həll edilir. Bu məsələnin necə həll ediləcəyini də öncədən deyə bilmərəm”.

Nemət


Müəllif:

Oxşar xəbərlər