7 Aprel 2016 13:25
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin sabiq spikeri, ölkənin sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətin son günlər Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycanla təmas xəttində yaranmış gərginliklə əlaqədar bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a daxil olan bəyanatda H.Çətin ilk olaraq şəhid hərbi qulluqçuların yaxınlarına və ailələrinə, ümumilikdə Azərbaycan xalqına başsağlığı verib.

Azərbaycanın əzəli tarixi torpağı olan Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun Ermənistan dövlətinin işğalı altında olduğunu bildirən H.Çətin 1 milyondan çox məcburi köçkünün doğma Vətənlərindən didərgin düşdüklərini də bəyanatda vurğulayıb.

H.Çətin Ermənistan dövlətinin təcavüzkarlıq siyasəti davam etdiyi müddətdə Cənubi Qafqaz regionunda sülhün və stabilliyin təmin olunmayacağını qeyd edib və bildirib ki, münaqişə sülh yolu ilə həll olunmadığı təqdirdə hər an toqquşma və böhran təhlükəsi yarana bilər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin mərhələli şəkildə və sülh yolu ilə həll olunmasının vacibliyinə inandığı bildirən H.Çətin vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri bunun üçün ilk növbədə heç bir şərt irəli sürmədən Azərbaycanın tarixi torpaqları olan 7 rayonunu azad etməlidir. İkinci isə Dağlıq Qarabağın statusu və gələcəyi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilməlidir.

“Təbii ki, bu barışığın təmin olunması ilə Azərbaycan və Ermənistan arasındakı əməkdaşlıq iqtisadi dirçəlişə öz töhfəsini verəcək. Bu əməkdaşlıq başda Türkiyə olmaqla, bölgədəki digər ölkələri də əhatə edəcək.

Bölgədəki zəngin qaynaqlar insanların rifah və xoşbəxtliyi üçün istifadə ediləcəkdir”, – deyə H.Çətin bildirib.
Münaqişənin sülh yolu ilə həll olunmasının vacibliyinə inandığını vurğulayan Türkiyənin sabiq XİN başçısı bildirib ki, münaqişə öz həllini tapmayacağı təqdirdə hər an yeni bir böhran və qızğın mübarizə ilə üzləşə bilərik.

Səxavət


Müəllif:

Oxşar xəbərlər