11 Aprel 2016 21:52
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan torpaqlarının hərbi işğalı çıxış yolu deyil və heç zaman Ermənistana arzu etdiyi siyasi nəticələri verməyəcək.

Bu fikir Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalovun ölkədə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərə ünvanladığı rəsmi müraciətdə yer alıb.

Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı ünvanlanan müraciətdə aprelin 2-də Ermənistan tərəfinin təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və cəbhə xəttinə yaxın ərazidə sıx məskunlaşmış mülki əhaliyə qarşı ağır silahlardan intensiv atəş açması, erməni silahlı qüvvələrinin artilleriya hücumları nəticəsində mülki əhali arasında çoxlu ölən və yaralananların olduğu bildirilir.

Yaşayış məntəqələrinə böyük ziyan vurulduğu, təmas xətti yaxınlığında yerləşən 400-dək evin zərər gördüyü, bəzilərinin isə tamamilə dağıdıldığı diqqətə çatdırılan müraciətdə Azərbaycan Silahlı Qüvvələrinin mülki əhalinin təhlükəsizliyinin təmin olunması və Ermənistanın təxribatının qarşısının alınması məqsədilə müvafiq əks-tədbirlərə əl atdığı qeyd edilir.

Müraciətdə deyilir: “Son illərdə Ermənistan tərəfindən Azərbaycan hərbçilərinin və mülki əhalisinin öldürülməsi ilə müşayiət olunan zorakılıq və hərbi təxribatlar mütəmadi hal alıb. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, münaqişənin və artan gərginliyin əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qalmasıdır. Yaxşı məlumdur ki, Ermənistan Azərbaycana qarşı hərbi güc tətbiq edərək Dağlıq Qarabağ bölgəsi və ətrafdakı 7 rayon da daxil olmaqla, Azərbaycan ərazisinin beşdə bir hissəsini işğal edib, zəbt olunmuş ərazilərdə bir milyona yaxın insanı öz doğma evindən didərgin salmaqla etnik təmizləmə aparıb, hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədib. Beynəlxalq ictimaiyyət dəfələrlə Ermənistanın Azərbaycana qarşı güc tətbiq etməsini və onun ərazilərinin işğalını ən kəskin formada pisləyib”.

Müraciətdə bildirilir ki, münaqişənin həllinin əsas prinsipləri BMT Təhlükəsizlik Şurasının qətnamələri, BMT Baş Assambleyasının müvafiq qərarında əksini tapıb. Həmin sənədlərdə Azərbaycana qarşı güc tətbiqi və onun ərazilərinin işğalı pislənilib, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı təsdiq olunub. Bu qətnamələrdə BMT bir daha Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, eləcə də işğalçı qüvvələrin Azərbaycanın zəbt olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Bundan başqa, müraciətdə qeyd edilir ki, atəşin dayandırılması haqqında tərəflər arasında əldə olunmuş razılaşmadan sonra belə Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqeləri və cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə yenidən atəş açıb. Naxçıvan atəşə məruz qalıb ki, bu da öz növbəsində Ermənistanın cəbhənin bu bölgəsində də vəziyyəti gərginləşdirməyə hesablanmış təxribatı və niyyətindən xəbər verir. Hazırkı status-kvo və təmas xəttindəki gərgin vəziyyət bu münaqişənin siyasi yolla qısa zamanda həllini ən çox arzulayan Azərbaycanın maraqlarına uyğun deyil.

Azərbaycanın danışıqlar prosesinə sadiq qaldığı vurğulanan müraciətdə münaqişənin sülh yolu ilə həll olunması üçün Ermənistanın öz xalqını və dünya ictimaiyyətini aldatmaqdan əl çəkməsinin, işğal və etnik təmizləmə siyasətini dayandırmasının, konstruktiv mövqe göstərməsinin və bütün beynəlxalq öhdəliklərə riayət etməsinin vacibliyi diqqətə çatdırılır.

Vurğulanır ki, Azərbaycan torpaqlarının hərbi işğalı çıxış yolu deyil və heç zaman Ermənistana arzu etdiyi siyasi nəticələri verməyəcək. Ermənistan bu reallığı nə qədər tez anlasa, münaqişə bir o qədər tez həllini tapmış olar və region ölkələri əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən yararlanarlar”.


Müəllif:

Oxşar xəbərlər