“Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) partiyalaşması hələlik gündəmdə deyil. Fikrimi dəyişmək üçün təşkilat üzvlərinin bu istiqamətdə təklifləri olmalıdır”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu deyib.
Martın sonunda ABŞ-da 1 illik pedaqoji fəaliyyətdən sonra Azərbaycana qayıdan Qubad İbadoğlu hazırda təsisçisi olduğu ADR Hərəkatında təşkilatlanma işinin getdiyini bildirib.
Onun sözlərinə görə, yaxın zamanda təşkilatın Məclisinin növbəti toplantısı keçiriləcək və yeni proqramlarını ictimaiyyətə təqdim edəcəklər: “ABŞ-dan gəldiyim ərəfədə Azərbaycanda çox əhəmiyyətli proseslər müşahidə olundu. Cəbhə xəttində, işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində milli ordumuzun fəaliyyəti önə çıxdı.
Biz də bununla əlaqədar ADR-in işğal altında olan rayon təşkilatları ilə görüşlərimizi təşkil elədik. Çünki həmin rayon sakinlərinin müəyyən məsuliyyət və öhdəlikləri var, prosesdə iştirak edirlər. Təşkilatlanma prosesində işğal altında olan rayon təşkilatları ilə görüşlərimizi önə çıxardıq.
Bu ay ərzində ADR Məclisinin növbətini iclasını keçirəcəyik. Məclisin mərkəzi orqanlarının strukturlaşmasına qərar verdik. Çünki Məclisin komissiyalarını formalaşdıracağıq. Mövcud strukturlarda yaranmış təşkilat komitəsinin bazasında təsis yığıncaqlarının keçirilməsinə başlanılıb. Əvvəl iqtisadi sahədə proqramımızı təqdim elədik. Növbəti prosesdə isə siyasi islahatlara dair proqramımızı üzə çıxaracağıq. Hazırda onun üzərində iş gedir. Eyni zamanda səhiyyə, təhsil istiqamətində də proqram üzərində işləyirik. Növbəti proqramlarımızdan biri də Qarabağın azad olunması ilə bağlıdır. İşğaldan azad edilmiş ərazilərə qayıdış planının işlənməsi də gündəliyimizdə durur”.
O, ADR tərəfindən müxtəlif sahələr üzrə hazırlanmış təkliflərin hökumətə təqdim ediləcəyini söyləyib: “İstənilən sənədimizi mətbuat vasitəsilə ictimailəşdirəcəyik və eyni zamanda rəsmi formatda Azərbaycan Respublikasının Prezidenti, baş naziri və Milli Məclisin spikerinə təqdim edəcəyik. Bununla yanaşı uyğun nazirliklərə, təhsillə bağlı proqramımızı Təhsil Nazirliyinə, səhiyyə ilə bağlı təkliflərimizi Səhiyyə Nazirliyinə təqdim etmək niyyətindəyik”.
Qubad İbadoğlu təsis etdiyi ADR Hərəkatının rəsmi qeydiyyatı ilə bağlı problemlər olduğunu da dilə gətirib: “Ədliyyə Nazirliyi ikinci dəfədir texniki iradlarla sənədlərimizi geri qaytarır. Növbəti dəfə qeydiyyatla bağlı müraciət edəcəyik. Müsbət cavab almayacağıqsa, yəqin bundan sonra ADR rəhbər strukturlarında cavablar müzakirə ediləcək. Məhkəməyə müraciət etmək hüququndan da istifadə etmək niyyətindəyik”.
Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiya başqanının müavini Tofiq Yaqublunun ADR-çilərlə Müsavat rəhbərliyini barışdırmaq səyləri barədə də danışıb: “ABŞ-dan döndükdən sonra dəfələrlə Tofiq Yaqublu ilə görüşmüşəm. Onun təşəbbüslərini yüksək qiymətləndirirəm. Özüm Azərbaycanda bütün dövrdəki həm ictimai, həm də siyasi həyatımda barışdırıcı mövqedə olmuşam. Bu baxımdan hesab edirəm ki, Tofiq bəyin barışdırıcı cəhdləri indiki situasiyada çox əhəmiyyətlidir, ancaq biz gerçək vəziyyətdən çıxış etməyin tərəfdarıyıq.
Hesab edirəm ki, bu məsələ indiki halda yalnız təşkilati deyil, həm də fərdi məsələdir. Çünki söhbət texniki yaxınlaşma və birləşmədən getmir. Bu, həm də fərdlərin də münasibətində öz əksini tapmalıdır ki, təşkilatlar qərar verməkdə çətinlik çəkməsin. Müsavatda olanda da münasibətləri şəxsi müstəvidə qurmamışam, aramızda partiya münasibətləri olub. İndi şəxsi münasibətlərin önə çıxmasının tərəfdarı deyiləm. Əsas odur ki, Azərbaycanın maraqları öndə olsun və bu maraqlara xidmət edən qərarlar reallaşsın”.
Onun fikrincə, Müsavat müsavatçılıq dəyərlərindən çox uzaqlaşıb və prinsip və tələblərə əməl etmir: “Ona görə də hesab edirəm ki, Müsavat ilk növbədə Məhəmməd Əmin Rəsulzadənin mirası olan partiya kimi özünün itirilmiş reputasiyasını bərpa etməli, bu istiqamətdə xeyli dəyişikliklər aparmalıdır. Hazırda Müsavat kiçik qrupun maraqlarının ifadəçisidir. Bu istiqamətdə uzun müddət həbsdə olan şəxs kimi Tofiq Yaqublunun təşəbbüslərini qiymətləndirirəm. Hesab edirəm ki, bu məsələlərdə görüləsi işlər çoxdur. Tofiq bəyə uğurlar arzulayıram”.
Nərgiz