Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev avtomobillə qəza törədib.
Teleqraf.com xəbər verir ki, bu barədə ADP sədrinin müavini məlumat verib.
O, qeyd edib ki, 2016-cı il fevralın 3-də idarə etdiyi “Peugeot” markalı avtomobil ilə hərəkət üstünlüyünə malik olan yolla 4-cü mikrorayon dairəsinə daxil olarkən sürətlə hərəkət edən minik avtomobili yoluna çıxıb və qəza hadisəsi baş verib: “Xoşbəxtlikdən xəsarət alan olmadı. 10-15 dəqiqədən sonra hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin zabiti gələrək hadisə ilə bağlı müvafiq qeydlərini aparıb.
Eyni zamanda qəzaya səbəb olan “Bayc” markalı avtomobilin sığortaçısının qəza-eksperti də hadisə yerində qeydlərini aparıb. Aparılmış araşdırma nəticəsində toqquşmaya səbəb olmuş avtomobilin sürücüsü olan xanımın sürücülük hüququ olmadan avtomobili idarə etdiyi məlum olub və həmin xanım 15 fevral 2016-cı il tarixində Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati qaydada 400 manat cərimələnib.
Qəza nəticəsində mənim avtomobilimə maddi ziyan dəyib və müvafiq qanunvericiliyin tələblərinə görə qəzaya səbəb olan avtomobilin sığortaçısı avtomobilimi təmir etdirməlidir. Lakin hadisə baş verən gündən 2 ay keçməsinə baxmayaraq avtomobilim təmir olunmayıb. Günahkar isə sığorta şirkəti deyil. Bunun üçün polis zabiti mənim maşınımın sığorta şirkəti tərəfindən təmir edilməsi üçün lazımi sənədləri tərtib edib (xüsusi ilə Forma 4) sığortaya göndərməlidir. Lakin bu sənəd hələ də göndərilməyib”.
Nemət